ABŞ Dövlət katibi Entoni Blinken “Şimal axını – 2” qaz boru kəmərinin çəkilişində iştirak edən şirkətlərdən bu işi dayandırmalarını tələb edib.
7times.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət katibinin adından yayılmış yazılı açıqlamada deyilir.
“Dövlət Departamenti bir daha xatırladır ki, “Şimal axını – 2″ boru kəməri ilə əlaqəsi olan hər hansı təşkilat ABŞ sanksiyalarına məruz qala bilər və dərhal boru kəməri üzərində işi dayandırmalıdır”, – deyə açıqlamada qeyd olunub.
Blinken əlavə edib ki, Dövlət Departamenti boru kəmərinin tamamlanması istiqamətində səyləri izləyir və bu layihədə iştirak edən şirkətlərlə bağlı məlumatları qiymətləndirir.
“Ayrı-ayrı ABŞ administrasiyalarının dediyi kimi, bu boru kəməri Rusiyanın geosiyasi layihəsidir. Məqsəd Avropanı bölmək və enerji təhlükəsizliyini zəiflətməkdir”, – Blinken belə deyib.
“Şimal axını – 2” qaz boru kəməri Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər ümumi gücü 55 milyard kubmetr qaz olan iki boru kəmərinin inşasını nəzərdə tutur. ABŞ bu layihəyə qarşı fəal şəkildə çıxış edir və Avropa Birliyinin, eləcə də Ukrayna və bir sıra Avropa ölkələrinin marağını özünün mayeləşdirilmiş təbii qazına yönəltməyə çalışır. ABŞ 2019-cu ilin dekabrında qaz kəmərinə qarşı sanksiya tətbiq edib, nəticədə İsveçrənin “Allseas” şirkəti kəmərin inşasındakı işini dayandırmaq məcburiyyətində qalıb.