Ölkə

Ağalı kəndinin ağıllı məktəbi

Ağalı kəndinin ağıllı məktəbibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri uğurla reallaşdırılmaqdadır.  Bu layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. O cümlədən təhsil infrastrukturu da müvəffəqiyyətlə qurulur, yeni məktəblərin əsası qoyulur. Ərazilərimizi işğal altında saxladığı 30 il müddətində vandal düşmən təhsil müəssisələrini də tamamilə dağıdıb. Statistikaya əsasən, bu torpaqlarımızda işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 müəssisə fəaliyyət göstərib.

Ağalıda ilk zəng

Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verildi və ilk olaraq zəngilanlıların doğma torpaqlarına qayıdışı baş tutub. Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilanın Ağalı kəndində Bilik günündə yeni məktəb binası istifadəyə verilib. Məktəbdə 29 ildən sonra ilk zəng çalınıb.

Sinif otaqlarında ağıllı lövhələr quraşdırıldı

Ağalı məktəbi yeni və müasir texnologiyalarla təchiz edilib. Dövlət tərəfindən gənclərimizin savadlı, vətənpərvər ruhda yetişdirilməsi üçün bütün şərait yaradılıb. 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 65 şagird qeydiyyatdan keçib. 2022-2023-cü tədris ilində şagirdlərin təlim-tərbiyəsi ilə 14 nəfər müəllim məşğul olacaq.

İnnovativ tikinti materiallarından istifadə olunmaqla tikilən məktəb geniş bir ərazini əhatə edir. Məktəbin 1-ci mərtəbəsinin sahəsi 1619,5 m2, 2-ci mərtəbəsinin sahəsi isə 1044,1 m2, həmçinin texniki döşəməaltı mərtəbənin sahəsi 1017,4 m2olmaqla ümumi sahəsi 3681 mtəşkil edir. Məktəbin 1-ci mərtəbəsində direktor otağı, müəllimlər otağı, müavin otağı, tibb otağı, psixoloq otağı, 2 ədəd texniki otaq, 2 ədəd texnologiya otağı, ibtidai siniflər üçün 4 ədəd sinif otağı, şagirdlərin qidanlanması üçün nəzərdə tutulmuş geniş təmiz və işıqlı yemək zalı və bufet, qapalı idman zalı, oğlanlar və qızlar üçün ayrı olmaqla soyunub-geyinmə və duş otaqları, məşqçi otağı və idman avadanlıqlarının saxlanması üçün otaq, hərbi hazırlıq otağı, ibtidai sinif şagirdlərinin istifadəsi üçün nəzərdə tutulmuş oğlanlar və qızlar üçün ayrı sanitar qovşaqları, müəllimlər üçün kişi və qadın olmaqla ayrı sanitar qovşaqları, 2-cimərtəbədə isə 9 ədəd sinif otağı, informatika otağı, biologiya laboratoriyası və laborant otağı, kimya laboratoriyası və laborant otağı, fizika laboratoriyası və laborant otağı, texniki otaq, kitabxana və oxu zalı, geniş və işıqlı akt zalı, oğlanlar və qızlar üçün ayrı sanitar qovşaqları yerləşir. Məktəbin həyətində geniş və müasir tələblərə cavab verən idman meydançası mövcuddur. Bütün sinif otaqları və akt zalı ağıllı lövhələr və akustik səs sistemi ilə təchiz olunub. Siniflərdə, akt zalında və dəhlizdə kameralar quraşdırılıb. Eyni zamanda dəhlizdə ibtidai sinif şagirdlərinin paltarlarını asmaq üçün rəflər qoyulub.

İşğaldan azad edilmiş ərazilərimizdə müasir məktəblər tikilir 

Göründüyü kimi, “Ağıllı kənd”də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır. İşğaldan azad olunmuş digər ərazilərdə də mərhələli şəkildə təhsil müəssisələrinin açılması nəzərdə tutulur. Tezliklə Prezident İlham Əliyevin Qarabağda, Şərqi Zəngəzurda təməllərini qoyduğu bütün məktəblərdə qaynar təhsil mühitinə start veriləcək. Qarabağın digər bölgələri də tez bir zamanda arzuladığımız məqama gələcək, inkişaf edəcək və dirçələcək.

Xatırladaq ki, mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfəri çərçivəsində Ağalı kəndində tikilən kənd orta məktəbi ilə də tanış  olublar. Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə canlı bağlantıda Prezident İlham Əliyev deyib: “Əminəm ki, Ağalı məktəbi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin arasında əlaqələr bundan sonra da davam edəcək. Burada oxuyan uşaqlar gələcəklər Bakıya, sizin şagirdlərinizlə, eyni zamanda, müəllim heyəti ilə görüşəcəklər. Yəni, bu təmaslar davamlı olmalıdır, həm distant təhsillə bağlı, eyni zamanda, canlı təmaslara da böyük ehtiyac var. Yaxın günlərdə ilk vətəndaşlar burada məskunlaşacaqlar. Ondan sonra yaxşı olardı ki, siz müəllimlər və eyni zamanda, uşaqlar buraya gələsiniz, bu gözəlliyi görəsiniz, necə deyərlər, bu videobağlantı artıq canlı bağlantıya keçsin”.

“Uşaqlıq arzum reallaşdı”

Məktəbdə quraşdırılan zəng də iştirakçıların diqqətini çəkib. Belə ki, həmin zəng Ağalı kənd məktəbinin dağılmış binasından çıxarılıb. 29 il susan zəng yenidən Şərqi Zəngəzurda səslənib.

“7times.az”ın əməkdaşı Ağalı kənd məktəbinin kollektivi və şagird heyəti ilə həmsöhbət olub. Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova bildirdi ki, məktəb innovativ texnologiya ilə tam təmin edilib: “Kəndə insanların köçmə prosesi davam edir, eyni zamanda ətrafda bəzi qurumlarda işləyən əməkdaşların övladlarının da burada təhsilə cəlb olunmasını nəzərdə tutmuşuq. Məktəbimizdə ilk zəngin çalınması biz müəllimləri, şagirdləri çox sevindirdi. Müəllimlərimiz xoşbəxtdirlər ki, işğaldan azad edilmiş kəndimizdə dərs deyirlər. Bu hissləri heç bir sözlə ifadə etmək olmaz. Məktəbimiz müasir texnologiya ilə təmin edilib. Məktəbimizdə Azərbaycanın müxtəlif regionlarından müəllimlər təyin edilib. Hər fənn üzrə bir müəllim təyin edilib. Onlar həm test, həm də müsahibə mərhələsindən uğurla keçiblər. Məktəbimiz innovativ texnologiya ilə tam təmin edilib. Bütün şagirdlərimizə, çanta, planşet, kitablar paylanılıb. Bu şəraiti bizə yaradan Prezidentimizə minnətdarlığımızı bildirirəm”.

Məktəbin ibtidai sinif müəlliməsi Şəmsiyə Şəmsəddinova deyir ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə onu uşaqlıq arzusuna çatdırıb: “2020-ci ildə Vətən müharibəsi başlayan zaman 4-cü kursda təhsil alırdım və növbəti il üçün imtahanlara hazırlaşırdım. Müəllim olmaq və Qarabağ torpaqlarında öz fənnimi tədris etmək uşaqlıq arzum idi. Ali Baş Komandanımızın güclü siyasəti, igid oğullarımızın şücaəti və xalqımızın birliyi nəticəsində biz zəfər çaldıq. Əldə etdiyimiz qələbədən sonra uşaqlıq arzum, yəni Qarabağda müəllim olmaq istəyim daha da reallaşdı. Əslində, ailəm daha yaxın məsafədə işləməyimi istəyirdi. Amma mənim bir fikrim var idi – Yalnız Qarabağ! Ağalı kəndinə qeydiyyatı görəndə çox sevindim. Heç kimə demədən qeydiyyatdan keçdim. Bu gün Zəngilan rayon Ağalı kənd tam orta məktəbinin müəllimiyəm. Bununla qürur duyuram. Çünki artıq uşaqlıq arzum reallaşıb. Mən bu torpaqlara bağlıyam. Bilirdim ki, gün gələcək bu torpaqlarda müəllim kimi fəaliyət göstərəcəm. Bu yolda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, əsgər və zabitlərimizə isə can sağlığı diləyirəm”.

Məktəbin şagirdləri də böyük sevinc içərisində idilər. Çünki artıq onlar məcburi köçkün deyillər, sıxıntılarla yaşamırlar. Onların bu sevinc dolu günlərində hansı hissləri keçirdiklərini öyrəndik. Hüseyn Zeynalov müasir üslubda tikilən məktəbdə təhsil almağın sevincini bizimlə bölüşüb: “Bu il Ağalı kənd tam orta məktəbində 7-ci sinfə başladım. Məktəbə burada başladığım üçün sevicliyəm. Bizim yaxşı təhsil almağımız üçün hər bir şərait yaradılıb. Söz verirəm ki, dərslərimi yaxşı oxuyacam”.

Bundan öncə Sumqayıt şəhər 1 nömrəli məktəbdə oxuyan Ayla Rəfiyeva da sevinc dolu hisslərini bölüşüb: “Kəndimizdə oxuduğum üçün çox sevinirəm. Evimiz də yaxındır. Artıq yeni dostlarım da var. Yaxşı oxuyacağıma söz verirəm”.

Şagirdlər nağdsız ödəniş edə biləcək

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin şagirdlərinə “Smart təhsil kartları” təqdim edilib. “Smart təhsil kartı” layihəsi Ağalı kəndində yaradılmış nağdsız ödəniş infrastrukturundan istifadənin stimullaşdırılması məqsədilə tətbiq edilib.  Layihə çərçivəsində həm məktəbli kartı, həm də nağdsız ödənişlərin həyata keçirilməsinin dəstəklənməsi funksionallıqlarını özündə birləşdirən smart təhsil kartları 47 şagirdə təqdim edilib. Təqdim olunan smart kartlar şagirdlərə məktəbə giriş, eyni zamanda, məktəbin yeməkxanasında nağdsız ödəniş formasından istifadə etmək imkanı verəcək. Qeyd edək ki, sözügedən kartlar ölkənin bir sıra peşə və ali təhsil müəssisələrində tətbiq olunur. “Smart təhsil kartı” müəllim və tələbələrə universitet, kitabxana və oxu zallarına giriş imkanı verməklə yanaşı, eyni zamanda təqaüdlərin alınması, ölkə daxili və xaricində istənilən ödənişlərin həyata keçirilməsi funksionallıqlarını özündə ehtiva edir.

Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də və 10-da doğma yurdlarına qayıdıblar. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləri var.

Elşən Yəhyayev