Cəmiyyət

“Ağdamı görəndə ürəyim ağrıdı” – Allahşükür Paşazadə

“Ağdamı görəndə ürəyim ağrıdı” – Allahşükür Paşazadəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günləri Azərbaycanın, Qarabağın ən dilbər guşələrindən biri Qarabağa gəlmişik”.

7times.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

O, əvvəllər Ağdama tez-tez gəldiyini bildirib: “Hələ 1975-ci ildə Ağdama gəlmişdim. O dövrdə açıq məscidlər çox az idi. Ağdam Cümə məscidi də açıq idi deyə, mən bura tez-tez gələrdim. Ağdamın özü ilə də tanışlığım var idi. Mən bu məscidə Molla Baratı axund təyin eləmişdim, Allah ona rəhmət eləsin. Bayaq namaz qıldığım yerdə də vaxtilə namaz qılmışam, dualar oxumuşam, moizələr demişəm. Bu məscid mənim üçün çox əziz olub. Allah elə nəsib elədi ki, erməni ekstremistləri tərəfindən işğalda olunmuş torpaqlarımızı azad olundu. Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 gün içində torpaqlarımız azad olundu”.

A.Paşazadə qeyd edib ki, Ağdam hər zaman öz gözəlliyi, binaları, insanları ilə seçilib: “Bu səfərə gələndə, buranı görəndə mənim ürəyim ağrıdı. Bayaq Yəhudi icmasının rəhbəri Milix həzrətləri dedi ki, bura daha çox Hirosimaya oxşayır. Mən gələ-gələ gördüm ki, insanlar burda öz həyatını təhlükəyə ataraq mina axtarırlar. Bu torpaqları minalardan azad etmək istəyirlər. Bu o deməkdir ki, bu torpaqların sahibi bizik. Onlar sahibi olmayıblar. Ermənilərin məqsədi vandalizm, bütün torpaqlarımızı dağıtmaq olub. Biz Qarabağ uğrunda həlak olan şəhidlərimizi də ziyarət elədik. Qəbiristanlıqda 150-dən çox şəhid qəbri vardı. Onların çoxu dağıdılıb. Bu, insani münasibət deyil. Ermənilər, o cümlədən bütün dünyada olan ermənipərəstlər həmişə bunları dəstəkləyiblər. Bizim qələbəmiz İslam dünyası üçün də böyük qələbədir. Bu qələbəni əldə saxlamaq və bu qələbəni dirçəltmək hər birimizin borcudur. Onu da qeyd etməliyəm ki, bu 44 gün ərzində bizim din xadimlərimiz də hərbçilərimizlə çiyin-çiyinə vuruşdular. Onların içində şəhid olanlarımız, yaralananlar da var. Bu torpaqlar bizim üçün əzizdir, bu qələbə bizə elə-belə qismət olmayıb. Buna görə də bu gün bizim borcumuz bu torpaqları həm daxildən, həm də xaricdən olan təsirlərdən qorumaqdır”.

QMİ sədri deyib ki, bu gün hətta Azərbaycanda belə bəziləri torpaqlarımızın işğal altından azad olunmasına sanki çox da sevinmirlər: “Çox arzu edərdim ki, o insanlar başa düşsün ki, torpaq çox qiymətlidir, ana qədər qiymətlidir”.