Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı bir qrup ömürlük məhbusun əfv olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə göstərilir:
“Ömürlük cəza çəkən bir qrup məhbusla bağlı Sizə müraciət edirik. Bu məhbusların içərisində Qarabağ müharibəsində fəal iştirak edən, dövlət təltifləri olan Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov da var. Onlar artıq 25 ildir ki, həbsdədirlər. Sizin rəhbərliyinizlə düşmən üzərində parlaq qələbə qazanılıb, torpaqlarımız işğaldan azad olunub. Belə bir qürurverici dövrdə Qarabağ müharibəsində fədakarlıq göstərmiş, əziyyət çəkmiş, lakin müəyyən səbəblərdən həbsə düşmüş Qarabağ döyüşçülərinin, onların ailə üzvlərinin Sizin mərhəmətinizə ehtiyacı var.
Qarabağ sevgisi ilə başa düşdüyü səviyyədə addım atmağa, düşmənə qarşı partizan kimi mübarizə aparmağa cəhd göstərmiş gənc Məmməd Məmmədova da mərhəmət göstərməyinizi xahiş edirik. Məmməd Məmmədov cəmiyyətdə “Qarabağ partizanları” adı ilə tanınan dəstənin üzvü olub, 2003-cü ildə bir qrup həmyaşıdı ilə dəstə yaradıb, cəbhə xəttini keçərək, erməni işğalçılarına qarşı partizan müharibəsini başlamaq istəyiblər. Lakin qanunsuz silahlı dəstə yaratdıqlarına görə həbs olunub, ömürlük həbs cəzası alıb, 18 ildir ki, həbsdədir. Onun cavanlığını, vətənpərvərlik niyyətini, tənha və xəstə anasının ağır vəziyyətini nəzərə almağınızı xahiş edirik.
Ömürlük məhbuslardan Əli Quliyev 30 ildən çoxdur ki, həbsdədir, məhbuslardan Şakir Rzaxanov, Hüseynağa Balayev, Səbuhi Məmmədəliyev, Yaşar Pənahpur, İntiqam Qayıbov, Əmir Muradov, Murov Şərifov, Afət Heydərzadə 30 ilə yaxındır ki, məhbus həyatı yaşayırlar, Samir Sanıyev, Elmir Mirzəliyev, Azər Əsədov, Yaşar Şahmuradov, Elnur Qəhrəmanov, Nizami Ələsgərov, Fuad Orucov, Zaur Həziyev, Namiq Vəliyev, Natiq Mirzəyev, Mahir İsmayılov, Vüsal Qurbanov 25 ilə yaxındır ki, həbsdədirlər. Bu məhbusların xeyli hissəsi 1998-ci ildə yanlış olaraq güllələnmə cəzasından ömürlük cəzaya keçiriliblər. Həmin vaxt mərhum Prezident Heydər Əliyev bildirmişdi ki, mövcud qanunvericiliyə uyğun olaraq onların cəzasını 15 illik həbs cəzası ilə əvəzləmək lazımdır. Siz Prezident, Ali Baş Komandan kimi cəbhədə əldə etdiyiniz böyük qələbə ilə Azərbaycan xalqına böyük sevinc, xoşbəxtlik bəxş etmisiniz, milli qürurumuzun bərpa olunması üçün əvəzsiz xidmət göstərmisiniz. Bu sevinc, xoşbəxtlik hisslərini ömürlük məhbuslarımıza, onların yaxınlarına da yaşatmağınızı Sizdən xahiş edirik. Sizin humanistliyinizi bilir və ömürlük məhbusları, onların yaxınlarını tezliklə sevindirəcəyinizə inanırıq”.
Follow @7timesaz