Hər il aprelin 1-də Avropada və bir çox Asiya ölkələrində “Gülüş Günü” keçirilir. Bu tarix rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də, dünyanın bir çox dövlətlərində qeyd olunur.
Bu tarixlə bağlı bir qisim millət vəkilinə “1aprel gülüş gününü necə xatırlayırsız?” sualı ilə müraciət etdik.
Fəzail Ağamalı: “Bu günü qəbul etmirəm”
“1 aprel gülüş günü” ilə bağlı heç vaxt kimisə aldatmamışam. Səbəb isə bu günü normal qəbul etməməyimdir. Özümə qarşı bu günlə bağlı zarafat cəhdləri olub. Bəzən o yalana inanmışam, bəzən isə “1 aprel” olduğunu xatırlayıb sadəcə təbəssümlə cavab vermişəm”.
Naqif Həmzəyev: “Uşaq vaxtı çox aldatmışam”
“1 aprel” zarafatı ilə bağlı uşaqlığımı xatırlayıram. Həm özümü aldadıblar, həm də mən aldatmışam. Çalışırdım bu gün aldanmayam. Son illərdə gülüş günü ilə bağlı kimisə aldatdığımı xatırlamıram”.
Məlahət İbrahimova: “Mən bu gün 5-ci kolona gülürəm”
“44 günlük Vətən Müharibəsindən sonra ölkədə hələ də antiqüvvələrin mövcudluğu məni güldürür”.
Zahid Oruc:”Çox koloritli deputatlar var idi, onların çıxışları yaddaşlarda qalıb”
“Gülüşsüz insan həyatı yoxdur. Hər birimiz ətrafımız üçün müsbət atmosfer yaratmalıyıq. Bu bəzən sadə bir lətifə ilə, bəzən isə ətrafımızda baş verən hadisələrin fonunda baş verir. Həyatımızda belə hallar az olmayıb. Parlamentdə 2000-ci ildən sonrakı dövrlərdə qanun layihələrinin müzakirəsi zamanı həmkarlarımızın dilə gətirdikləri mövqelər yaddaşlarda qalıb. Ara-sıra xarici səfərlər zamanı həmin söhbətlər mütləq xatırlanır. Deyərdim ki, onlarla belə gülüş doğuran hadisələr olub və həmin şəxslərin adları artıq o hadisələrin fonunda kristallaşıb”.
Aqil Abbas: “365 gün yalan danışırıq, 1 gün düz danışaq”
“Bu gün gülüş günü yox, aldatma günüdür. Yadımda qalan isə budur ki, mənim doğum günümdür. Hər zaman belə bir fikir səsləndirirəm ki, 365 gün yalan danışırıq, heç olmasa 1 apreldə düz danışaq. Bir dəfə bir dostumuzu aldadıb Mərdəkanda xaş yemək adı ilə çağırmışdıq. O da geyinib keçinib deyilən məkanı axtara-axtara qalmışdı. Bir saat axtardıqdan sonra zarafat olduğunu dedik. Bu günlə bağlı xatırladığım tək hadisə budur”.
Elman Nəsirli: “Aldadılanda tək təsəllim o oldu ki, o məndən bir neçə yaş böyükdür”
“Mən həmişə deyirdim ki, məni heç kim aldada bilməz. On birinci sinifdə oxuyanda məndən bir neçə yaş böyük universitet dostum dedi ki, mən səni qısa zamanda aldada bilərəm. Soruşdum necə? Dedi sən 5-ə kimi say görəcəksən. Mən də saydım. Mənə dedi ki, gördün səni aldatdım. Soruşdum necə? Dedi sən gözləyirdin ki, 5-ə qədər saydıqdan sonra səni aldadacam, amma mən səni aldatmadım, deməli uje sən inandın və mən səni aldatmış oldum. Özümə də təsəlli verdim ki, mən məktəbliyəm o isə universitet tələbəsidir, ona görə də belə oldu. Ümumi zarafatlarım olsa da, kimisə aldatmağımı xatırlamıram.”
Aydın Mirzəzadə:”Elçi getməyimi istəmişdilər”
“1 aprel” günü ilə bağlı heç vaxt nə kimisə aldatmadım, nə də aldanmadım. Bir dəfə qəzetlərin birindən zəng etdilər ki, bəs Aydın bəy istəyirik siz bizim üçün elçi gedəsiniz. Mən də onlara 1 aprelin olduğunu xatırlatdım. Amma tam ciddi bildirdim ki, nə vaxtsa elçi getmək lazım olsa hər zaman hazıram”.
İsa Həbibbəyli: “Gülüş günü ilə ciddi maraqlanıram”
“Mən ədəbiyyatda gülüş günü ilə ciddi maraqlanıram. Uzun illərdir Molla Nəsrəddin jurnalının və Cəlil Məmmədquluzadənin mono tədrislərinin tətdqiqi ilə məşğulam. Gülüş günü mənim üçün əhəmiyyətli bir gündür. Gülüşün Molla Nəsrəddin sayağı ciddi ,əhəmiyyətli olmağını arzu edirəm. “1 aprel” zərif gülüş günü kimi qeyd olunmalıdır. Dünyada baş verən gərginliklərdən sonra insanlığın yumora ehtiyacı var”.
Rüfət Quliyev:”Dostlarıma 1 aprel zarafatı edirəm”
“1 aprel” zarafat günü kimi qeyd olunur. Mən də pozitiv insan olduğum üçün bu günü xüsusi gün kimi qəbul edirəm. Bu günlə bağlı arada dostlarıma yığıb həqiqətə uyğun olmayan xəbəri deyirəm. Sonra “1 aprel” olduğunu xatırlayıb gülürük.”
5 əsrlik tarixi olan Gülüş Günü ilk dəfə Fransada yaranıb. 1564-cü ildə Fransa Kralı IX Çarles, il başlanğıcının yanvarın birinci günü olması barədə qərar verib. Amma bundan əvvəl də Fransada yeni ili 1 apreldə qeyd ediblər. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmayıb. Məsələdən xəbərdar olanlar isə protest məqsədilə köhnə adətlərinə davam edərək, 1 apreldə şənliklər keçiriblər. Digərləri onları “aprel axmaqları” adlandırıblar.
1 aprelə isə “axmaqların günü” adını veriblər. Uzun illər sonra yanvarın ilk ay olmasına öyrəşiblər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası sayaraq “”Gülüş Günü kimi qeyd edilib. İndi bütün dünyada “1 Aprel” Ümumdünya Gülüş Günü kimi qeyd olunur.