“İllərdir ki, “Xocalıya ədalət” kampaniyası adı altında bu istiqamətdə işlər aparılır. Amma bu o demək deyil ki, Xocalı faciəsini dünyada hamı tanıyıb. Qarşıda hələ görəcəyimiz işlər çoxdur”
Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini, Xocalı Özünümüdafiə Batalyonunun döyüşçüsü Vasif Qafarov deyib. V.Qafarov işğaldan azad edilən rayonlarımızın sakinləri kimi, onların da bir gün Xocalıya qayıtmaq arzusunda olduqlarını bildirib:
“Allah Ali Baş Komandanı, Müzəffər Ordumuzu qorusun. 44 günlük Vətən müharibəsində rayonlarımızın əksəriyyəti işğaldan azad edildi. Düzdü, bu gün Xocalı və Xankəndi işğalda qalıb, amma Cənab Prezident özü də qeyd etdi ki, bir gün o yerləri də işğaldan azad edəcəyik. Alınan torpaqlarımızın öz sakinləri var, biz xocalılar da torpağımızı, Xocalını istəyirik. Xocalı faciəsindən otuz il ötür, amma illər ötdükcə, hər il fevral ayında biz o dəhşətli günləri xatırlayırıq. Bizim üçün çox çətin olur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”.
Qeyd edək ki, Vasif Qafarov 1965-ci ildə Xocalıda anadan olub. Xocalı faciəsi zamanı yaxınlarını və dostlarını itirib.
Follow @7timesaz