Cəmiyyət

Anar Məmmədov: Kommunal xidmətlərin özəlləşdirilməsi xidmət keyfiyyətinin artmasına gətirib çıxara bilər

Anar Məmmədov: Kommunal xidmətlərin özəlləşdirilməsi xidmət keyfiyyətinin artmasına gətirib çıxara bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın kommunal sektorunda aparılan islahatlar çərçivəsində bəzi xidmətlər özəlləşdirilə bilər. Lakin bu sahədə əsas problemlər özünümaliyyələşdirmə, özünüidarəetmə və struktur dəyişiklikləri ilə bağlıdır. Çünki indi dövlətin imkanları, vəsaitləri var və onlara çox böyük vəsaitlər verilir. Amma bu həmişə davam edə bilməz. Zənnimcə, artıq özünümaliyyələşdirmə, özünüidarəetmə və özünüinkişaf prosesinə keçilməlidir. Bu sahədə islahatlar isə təbii ki mütləq lazımdır. O cümlədən, yeni mexanizmlər elə olmalıdır ki, özünüinkişaf və özünüidarəetmə sistemi yaransın. Xüsusilə özəlləşdirmə nəticəsində rəqabətin yaradılması və özünümaliyyələşdirmə sisteminə keçid təmin ediləcək. Eləcə də, rəqabətin yaradılması qiymətlərin artmamasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan verəcək. Digər tərəfdən də dövlətin bu sahəyə yatırdığı vəsaitlər özəlləşdirmə vasitəsilə geri qayıtmalıdır və dövlət bu vəsaitləri yeni sahələrə yönəltməlidir.”

7times.az xəbər verir ki, bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, indiki vəziyyətdə xidmət sahələrinin özəlləşdirilməsi də açıq qalan məsələlərdəndir və bu məsələyə tezliklə baxmaq lazımdır: “Planlı şəkildə hissə-hissə özəlləşdirməyə getmək lazımdır. Amma yaxşı olar ki, ilk öncə pilot layihələr həyata keçirilsin. Əgər pilot layihələr özünü doğruldarsa, ardınca mərhələ-mərhələ tam özəlləşməyə keçmək lazımdır. Çünki kommunal xidmətlər birdən-birə özəlləşdirməyə verilsə, sonra bu sahələrdə vəziyyət daha da pisləşər. Özəlləşdirmənin ən mühüm tərəfi keyfiyyətdə dəyişikliyi hiss etmək ola bilər. Məsələn, iri şirkətlərin bir neçə hissəyə ayrılaraq özəlləşdirilməsi onlar arasında rəqabətin yaranmasına, bu isə öz növbəsində daha yüksək xidmətlərin təklif edilməsinə gətirib çıxara bilər. Bu eyni zamanda dövlət büdcəsinin yükünün azaldılması, büdcə vəsaitlərinin səmərəsiz istifadəsinin qarşısının alınması ilə nəticələnəcək. Bununla ilk növbədə xidmətin keyfiyyəti yüksələcək, eyni zamanda kommunal sahələrin özəl əllərdə olması nəticəsində həmin sahəyə baxanlar elə xidmət etməyə çalışacaqlar ki, əhalidən alınan haqqın cavabını verə bilsinlər. Qısaca, kommunal xidmətlərin özəlləşdirilməsi, bu sahədə xidmət keyfiyyətinin artması ilə yanaşı şəffaflığın yaranmasına gətirib çıxaracaq. Kommunal xidmətlər özəlləşdirilərsə, xidmətlərin yüksək səviyyəyə gəlməsi ilə yanaşı, həm də bu sahədə özəl investisiyanın artımı müşahidə olunacaq. İkincisi də, elə sahələr var ki, onların yatırım və investisiyalara ehtiyacı var, o sahələrə maddi yatırımlar qoymaqla vəziyyət düzələ bilər.”