“Bildiyim çox şey var. Konkret olaraq onu deyə bilərəm ki, bu gün müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılmasında rəhmətlik Heydər Əliyevin müstəsna rolu var və tarix onu illər keçdikcə daha əyani göstərəcək. Heydər Əliyevlə bağlı çox məlumatlı olmağım onun fəaliyyətilə daim maraqlanmağımla bağlıdır. Onu şəxsən tanıyıb birgə işləmiş adamlarla saatlarla söhbətlərim olub.
Məndə obyektiv mövqe formalaşıb və bu gün Heydər Əliyev haqqında dolğun fikir söyləmək haqqım var”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar mərhum liderilə bağlı xatirələrindən danışarkən qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Vəkillər Kollegiyasına qaytarılan Aslan İsmayılov – “9 ildən sonra haqqımın bərpasına nail oldum”
Aslan İsmayılov Heydər Əliyevin fəaliyyəti ilə bağlı maraqlı sirri də açıqlayıb. O, deyib ki, Mixail Qorbaçov hakimiyyətə gəldiyi ilk gündən Heydər Əliyevlə mübarizə aparıb və onu hər vəchlə hakimiyyətdən kənarlaşdırmaq istəyib:
“Bunu o zaman Qorbaçova çox yaxın olan Boris Valentinoviç Smirnov bir məclisdə iştirakım zamanı söyləyib. Smirnov vaxtilə böyük vəzifələrdə çalışıb və Qorbaçovun karyerasında xüsusi rolu olub. Sonradan pensiyaya çıxaraq universitetdə rektor işləyirdi.
1986-cı ilin payız aylarında Zelinakumski rayonunun birinci katibi Saveliy Xurvatovla söhbətinin şahidi olmuşam. İçki məclisi idi. Smirnov Qorbaçovu təhqir edib, söyməyə başladı. Xurvatov da Qorbaçovla yaxın dost idi. Amma istəmirdi ki, bu söhbət mənim yanımda olsun.
Ona görə Xurvatov Smirnovu tez-tez “Boris, Boris” deyərək, danışmağına imkan vermirdi. Smirnov isə içdikcə qızışırdı.
O söhbətdən anladım ki, Qorbaçov nə vaxtsa Smirnovla görüşündə ona SSRİ-nin təhsil naziri olacağını vəd edibmiş. Smirnov isə uzun müddət gözləyib və təyin etməyiblər. Bunu üzünə vurub Qorbaçovu təhqir edəndə, Xurvatov qayıtdı ki, “sən ki, məndən yaxşı bilirsən, Mişanın başı (məni göstərərək) bunun yerlisinin (Heydər Əliyevi nəzərdə tutur –red.) başını əkməyə məşğuldur.
Bu arzusu yerinə yetəndən sonra sizin məsələlərinizə baxacaq”. Mən bu hadisənin şahidi oldum və yəqin etdim ki, Qorbaçovun Heydər Əliyevə olan bu cür münasibətini bütün rəsmi eşalon bilirdi”.