“Azərbaycan rəhbərliyi hər zaman qüsursuz siyasət yürüdüb. Onların məqsədlərinə çatacaqları mənə tamamilə aydın idi”.
7Times.az xəbər verir ki, bu fikri ukraynalı siyasətçi, siyasi-hərbi icmalçı, Ukrayna prezidenti ofisinin keçmiş ştatdankənar müşaviri Aleksey Arestoviç Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsini şərh edərkən söyləyib.
Onun fikrincə, Azərbaycan iltifatı haqq edir: “2020-ci ildə Rusiya sülhməramlıları Qarabağa gələndə demişdim ki, 5 il çəkməyəcək, onlar oradan çıxarılacaqlar. Neçə il keçdi? 4 il. Çünki mən Azərbaycan rəhbərliyinin nə etdiyini gözəl anlayırdım”.
Ekspert əmindir ki, Prezident İlham Əliyev rusiyalı həmkarı ilə Moskvada görüşü zamanı qalan məsələləri də cilalayıb, çünki Azərbaycanın arxasında Türkiyə kimi güclü və sanballı dövlət dayanır.
NATO Baş katibinin Cənubi Qafqaza səfərindən sonra Ermənistanın artıq Rusiya sərhədçiləri ilə vidalaşmaq, KTMT-dən çıxmaq barədə danışmağa başladığını xatırladan Arestoviç bildirib ki, erməni xalqını girovluqda saxlayan Qarabağ klanını darmadağın etməklə, müharibədən sonra seçkilər keçirməklə özünü yenidən legitimləşdirən Ermənistan baş naziri Nikol Paşinyan da hazırda yüksək səviyyəli oyun nümayiş etdirir.
Amma eksperin sözlərinə görə, Azərbaycanın multikulturalizm siyasəti heyrətamizdir. Ekspert buna nümunə kimi Bakıda və Azərbaycanın digər yerlərində çoxlu sayda rus məktəblərinin və universitetlərdə rus bölmələrinin fəaliyyət göstərdiyini xatırladıb. “Halbuki Azərbaycan Rusiya imperiyasının əlindən Ukraynadan az əziyyət çəkməyib. Lakin Azərbaycan həm öz milli mədəniyyətini inkişaf etdirdi, həm də başqa mədəniyyətlərin sönməsinə imkan vermədi.
Ona görə də Azərbaycanda yaşayan rus, ukraynalı və digər millətlər özlərini ikinci növ vətəndaş kimi hiss etmirlər. Onlar yaşamaq üçün seçdikləri Azərbaycan uğrunda müharibəyə getdilər və Azərbaycan ordusunun sıralarında döyüşərək qəhrəman kimi həlak oldular. Azərbaycanda çox mühüm bir məsələni gözəl başa düşdülər: yerli olmayan kiçik xalqlar bu ölkədə yaşamağı seçib, orduda xidmət, müharibədə iştirak edir, bu ölkə uğrunda qəhrəmancasına həlak olurlarsa, onlar ikiqat qəhrəmandırlar”.
Arestoviç deyib ki, bu fikir hazırda Ukraynada yaşayan və cəbhədə döyüşən azərbaycanlılara, yəhudilərə, macarlara, Krım tatarlarına və digər milli azlıqlara da aiddir, amma Ukraynada mövcud olan bəzi qüvvələr bunu indiyədək anlaya bilmirlər:
“Azərbaycan isə ağıllı dövlətdir. Ona görə də Putinə də üstün gəldi və müharibədə ağır, biabırçı itkidən, ölkə daxilində baş verən silsilə hərbi iğtişaşlardan, çevrilişlərdən sonra dişlərini qıcadı və 25 ildən sonra istədiyinə nail oldu”.
Follow @7timesaz