Aktual

“AZƏRBAYCAN TƏXRİBATLARA HAZIR OLMALIDIR” – Rusiya Qarabağda 6 yeni postu niyə qurub?

“AZƏRBAYCAN TƏXRİBATLARA HAZIR OLMALIDIR” – Rusiya Qarabağda 6 yeni postu niyə qurub?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ordusu strateji əhəmiyyətli Fərrux dağında möhkəmləndikdən sonra Ermənistan rəhbərliyi davamlı olaraq Kremlə şikayətlər ünvanlayır. Bugünlərdə Baş nazir Nikol Paşinyan da hökumətin iclasında bildirib ki, Rusiya Azərbaycan silahlı qüvvələrinin Fərrux dağından geri çəkilməsini təmin etməlidir. Bu barədə Moskvadan Azərbaycana hansısa təzyiqlərin edilib-edilmədiyi məlum olmasa da, ordu birləşmələrinin Fərrux dağından çıxarılması müzakirə mövzusu deyil.

Rusiya isə bölgədəki sülhməramlı kontingentin müşahidə postlarının sayını artırmağa başlayıb. Aprelin 5-də Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş xəritələrdən belə məlum olub ki, 6 yeni post qurulub, nəticədə müşahidə məntəqələrinin ümumi sayı 27-dən 33-ə qalxıb. Qeyd edək ki, bu addım 10 noyabr 2020-ci ildən bəri ilk dəfə atılıb.

Belə ki:

– 28-ci post Qubadlı-Laçın yolu üzərindəki Turşsu bulağı yaxınlığında yerləşən Ağanus kəndində qurulub. Bu kəndin şimal səmtində 1782 metr hündürlüyündəki strateji Ağdaş yüksəkliyi yerləşir;

– 29-cu post Turşsu qəsəbəsi yaxınlığındakı Keçəldağ (2214 m) və Kiçik Kirs zirvəsi (2346 m) istiqamətindədir;

– 30-cu postu Tərtər rayonunun Çardaqlı və Lüləsaz kəndləri istiqamətindədir;

– 31-ci post Göyarx kəndi yaxınlığındadır;

– 32-ci post Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindədir;

– 33-cu post isə Xocalı rayonunun Fərrux kəndi yaxınlığındakı Pirlər kəndi ərazisində yerləşdirilib.

 

 

Hərbi ekspert Ədalət Verdiyev “AzPolitika.info”-ya şərhində bildirib ki, müşahidə postlarının sayının artırılması 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatın müddəalarına tamamilə ziddir: “Çünki sülhməramlıların harada yerləşəcəyi, hansı texnikadan, texniki vasitələrdən istifadə edəcəyi müəyyənləşdirilib. Azərbaycan qoşunlarının öz ərazilərində manevrlər həyata keçirdikdən sonra Fərrux dağında yerləşməsindən narahat olan Rusiya sülhməramlılarının 6 yeni post qurması Azərbaycana hörmətsizlikdir. Müdafiə Nazirliyi gərəkən addımları atmalı, həmin postların ərazidən yığışdırılmasına nail olmalıdır. Sülhəramlıların istənilən fəaliyyəti Azərbaycanla razılaşdırılmalıdır. Əgər yeni postlar razılıq olmadan qurulubsa, bu, Rusiya hərbçilərinin birmənalı olaraq öz səlahiyyətlərini aşması deməkdir”.

 

 

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiya sülhməramlılarının müşahidə məntəqələrinin sayını artırması konkret səbəblərlə izah etmək olar: “Bildiyiniz kimi, Azərbaycan Ordusunun xəbərdarlıqlarına baxmayaraq, Fərrux dağının bəzi yüksəkliklərində erməni silahlı qüvvələri səngər və istehkam qurduqlarına görə hərbçilərimizin adekvat tədbirləri nəticəsində Daşbaşı və bir neçə yüksəkliyə nəzarət bizim əsgərlərin əlinə keçdi.

Rusiya Müdafiə Nazirliyi əvvəlcə bu tədbiri 10 noyabr bəyanatının tərəfimizdən pozulması kimi təqdim etdi, sonra isə guya ermənilərin hay-küyünü sakitləşdirmək məqsədilə bizim həmin yüksəkliklərdən geri çəkilməyimiz haqqında bəyanat yaydı. Azərbaycan Müdafiə Nazirliyinin bunu təkzib edən bəyanatla çıxış etməsi Rusiya siyasi dairələrində qəzəblə qarşılandı, hətta atom bombası ilə hədələndik. Aprelin 6-da isə Brüssel görüşündə Avropa İttifaqının iki ölkə arasında sülh yaranmasına göstərdiyi təşəbbüslər, sərhədlərin müəyyənləşməsi üçün ikitərəfli komissiyanın yaranmasına konkret zaman göstərilməsi və sülh müqaviləsinin hazırlanması məqsədilə hər iki ölkənin Xarici İşlər nazirliklərinə təlimatların verilməsi də Rusiyanı qıcıqlandıran başlıca amillərdən biri oldu”.

Ekspert vurğulayır ki, aprelin 8-də tələsik Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın Moskvaya çağırılması və mətbuat konfransında rusiyalı həmkarı Sergey Lavrovun Brüsselə qəzəbli mesajlar ünvanlaması, əslində o qəzəbin ünvanlarından birinin də Azərbaycan olduğuna şübhə yaratmır: Ukrayna müharibəsinin getdiyi bir vaxtda Avropa İttifaqının təşəbbüsü, sülh danışıqlarının onun çətiri altında aparılmasını Rusiyanın qəbul etmədiyi ortadadır və nəticədə təzyiq vasitələrini işə salıb. Qarabağda müşahidə məntəqələrinin sayını artırması isə sülh missiyasından çox qeyd olunan təzyiqin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Qarşıdakı günlərdə Qarabağda və dövlət sərhəddində bu təzyiqlər təxribat, atəşkəsin pozulması ilə müşayiət olunsa, təəccüb yaratmayacaq. Azərbaycan bu təxribatlara və təzyiqlərə hazır olmalıdır”.