Azərbaycan yanvarın 14-dək Rusiya Federasiyasına 2,1 milyon ədəd yumurta tədarük edib.
“Report”un xəbərinə görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) teleqram kanalında məlumat yayıb.
Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra idxal olunan məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürülüb.
Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına yumurta tədarükünə başlayıb.
Yanvarın əvvəlində Türkiyədən Rusiya Federasiyasına yumurta tədarükünə başlanılıb, ümumilikdə 633,6 min ədəd idxal edilib. Türkiyənin 21 müəssisəsi Rusiya Federasiyasına yumurta ixrac etmək hüququna malikdir.
Belarus da tədarükləri gücləndirib: yanvarın 1-dən yanvarın 9-dək keçən ilin eyni dövründəki 6,3 milyon yumurta ilə müqayisədə 11,7 milyon yumurta idxal edilib.
Nəticədə Kənd Təsərrüfatı Nazirliyi topdansatış bazarında yumurtanın qiymətində azalma qeydə alıb və bu tendensiyanın istehlakçı şəbəkəsinə də keçəcəyini gözləyir.
2024-cü il yanvarın 1-dən yumurtanın qiymətinin kəskin artması fonunda Rusiya Federasiyası onların idxalı üçün rüsumları altı ay ərzində sıfıra endirib. Gözlənilir ki, bu tədbir 1,2 milyard ədəd yumurtanın idxalına imkan verəcək və qiymət vəziyyətini sabitləşdirəcək.
Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) məlumatına görə, 2023-cü ildə ölkədə yumurta 1,6 dəfə, dekabrda isə 18,2 % bahalaşıb.
Follow @7timesaz