Ölkə

Azərbaycan yeni xarici borclanma imkanlarını nəzərdən keçirir

Azərbaycan yeni xarici borclanma imkanlarını nəzərdən keçirirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan yeni xarici borclanma imkanlarını və dövlət zəmanətlərini nəzərdən keçirir.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Alman-Azərbaycan İxrac Maliyyə Konfransı 2025”də çıxış edən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov deyib.

Onun sözlərinə görə, dövlət borc strategiyasının yenilənməsi üzərində işlər davam etdirilir və yeni mərhələdə xarici borclanma imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olacaq. “Artıq xarici və daxili borc balansında hədəf göstəricilərə nail olunub. Bu mərhələdə metro genişləndirilməsi, dəmir yolu şəbəkəsinin inkişafı, su və kanalizasiya layihələri kimi dövlət əhəmiyyətli infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün yeni borclanma imkanlarını araşdırırıq”, – deyə o vurğulayıb.

Mursəqulov əlavə edib ki, son 7 ildə dövlət zəmanətləri portfeli əhəmiyyətli dərəcədə azaldılsa da, bu alət hökumət üçün prioritet layihələrin maliyyələşdirilməsində mühüm vasitə olaraq qalır. “Hazırda Azərbaycan hökuməti bərpaolunan enerji və su layihələrinə dövlət zəmanəti təqdim edib. Qarşıdakı dövrdə PPP çərçivəsində yeni zəmanətlər üzrə imkanlar nəzərdən keçiriləcək”, – deyə o qeyd edib.

O, həmçinin Azərbaycanın investisiya mühitinin yaxşılaşdığını və beynəlxalq reytinq agentliklərinin ölkənin kredit reytinqini “BBB–” səviyyəsinə yüksəltdiyini xatırladıb.

Azər Mursəqulov Alman bankları ilə əməkdaşlığın tarixçəsinə də toxunaraq bildirib ki, Azərbaycan indiyədək KfW, Bayerische Landesbank və Commerzbank kimi maliyyə qurumları ilə hökumət və dövlət zəmanətli olmaqla ümumilikdə 16 kredit sazişi imzalayıb. “İnanıram ki, bu tədbir Alman maliyyə qurumları ilə əməkdaşlığımızı yenidən gücləndirmək üçün mühüm fürsət olacaq”, – deyə o vurğulayıb.