“Sosial şəbəkələrdə yazılan hər bir fikrə hörmətlə yanaşıram, çünki hər bir insanın öz fikrini bildirmək hüququ var”.
7times.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
O bildirib ki, vətəndaşların hər hansı neqativ hadisə ilə bağlı konkret şikayəti varsa, bunun üçün mütləq rəsmi şəkildə müraciət etməlidir: “Bunu ümumi şəkildə qeyd etməməlidirlər. O zaman biz hadisəni araşdıra bilmirik. Bu gün səhiyyə sistemində 100 mindən çox insan çalışır. Respublikanın hər rayonunda məntəqələr açmışıq və vaksinasiya prosesi gedir. Əgər hər hansı məntəqədə nöqsanla qarşılaşırlarsa, mütləq onu konkret şəkildə bildirməlidirlər və bu, araşdırılmalıdır. Mənfi hallar xüsusi orqanlar, bu işlə məşğul olan insanlar tərəfindən araşdırılmalıdır”.
Y. Qarayeva qeyd edib ki, bu gün Azərbaycanda vaksin çatışmazlığı yoxdur: “Ölkəmiz ilk günlərdən vaksinlə bağlı bütün istiqamətlərdə danışıqlar aparır”.
Departament rəhbərinin sözlərinə görə, bir doza vaksinin bölünərək iki nəfərə vurulması ilə bağlı heç bir rəsmi şikayət almayıblar: “Biz də bunu sosial şəbəkələrdə oxumuşuq. Neqativ hallar daha çox növbələrlə bağlı olur. İnsanların bir yerə kütləvi toplanması ilə bağlı şikayətlər var. Bəzən şəkillər də göndərirlər. Xüsusən havalar soyuq olanda insanları açıq havada gözlədə bilmirdik. Amma çalışırıq ki, məsələyə dərhal reaksiya verək. Hansı rayonda, hansı məntəqədə belə hadisə baş veribsə, dərhal məntəqənin rəhbərləri ilə əlaqə saxlayırıq. Orada vəziyyəti tənzimləməyə, insanlar arasında sosial məsafənin gözlənilməsinə çalışırıq”. APA
Follow @7timesaz