2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 103,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103,0 faiz, qeyri-qida məhsulları üzrə 101,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) 7Times.az -a verilən məlumata görə, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib.
2024-cü ilin avqust ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,1 faiz təşkil edib.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun qiymətlərində müşahidə edilib.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin avqust ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil etmişdir. Avqust ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma kəsilmiş taxtanın, kərpicin, sementin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,0 faiz təşkil etmişdir. Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən xalçaların yuyulması xidmətinin, internet xidmətinin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Follow @7timesaz