7 oktyabr 2019-cu il tarixində Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksində 1993-cü il təvəllüdlü Aynurə Abdullayevanın özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar etməsi hadisəsindən sonra onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Yaqub Qurbanov həbs edilib.
Publika.az xəbər verir ki, Abşeron Rayon Prokurorluğunda həyat yoldaşını intihar həddinə çatdıran Yaqub Qurbanov barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Cinayət işinin materialları daha sonra Abşeron Rayon Məhkəməsinə göndərilib.
Bir müddət əvvəl başa çatan məhkəmə prosesində hadisə ilə bağlı dəhşətli faktlar üzə çıxıb.
Bəlli olub ki, A.Abdullayeva atasının xalası nəvəsi olan Yaqubla 2012-ci ildə ailə qurub. Musiqiçi olan Yaqub Qurbanov evliliyin ilk vaxtlarından etibarən kobud rəftarı ilə həyat yoldaşını incitməyə başlayıb. İşi ilə əlaqədar axşam və gecə saatlarında səsyazma studiyasında olan Y.Qurbanov gecələr “Qurtuluş 93” yaşayış massivindəki evə içkili vəziyyətdə gəlib tez-tez dava salırmış.
İstintaqla müəyyən edilib ki, Y.Qurbanov oktyabrın 7-də gecə saat 3 radələrində evdar qadın olan və ondan maddi cəhətdən asılı olan həyat yoldaşının ona xəyanət etdiyini iddia edərək stuldan qopardığı taxta ilə başına zərbələr endirib. Bu zaman onların evdə yatan 3 və 6 yaşlı övladları səs-küyə oyanaraq oraya gəlib. Yaqub Qurbanov körpə övladlarının gözü qarşısında həyat yoldaşına iztirablar verməyə davam edib və qadını sürüyərək hamam otağına aparıb. Burada o, üzqırxan maşınla Aynurənin saçını qırxmağa çalışıb. Lakin üzqırxan maşında yaranan nasazlıq səbəbindən o, istəyinə nail ola bilməyib. Daha sonra həyat yoldaşını qonaq otağına gətirən Y.Qurbanov qayçı ilə onun saçlarını kəsib. Bundan sonra A.Abdullayeva qaçaraq mənzilin eyvanına çıxıb və özünü oradan yerə ataraq intihar edib.
İfadə verən Yaqub Qurbanov həyat yoldaşının ona xəyanət etməsindən şübhələndiyini, bu səbbədən onu döydüyünü və biabır etmək üçün saçını qırxdığını etiraf edib. O bildirib ki, Aynurə təbiətcə şıltaq və ərköyün olub. Hadisədən 1 həftə əvvəl həyat yoldaşına paltar almaq üçün 1500 manat pul verib. Lakin onun xoşlamadığı tərzdə geyimlər aldığına görə mübahisə ediblər. Yaqub Qurbanov son 1 il ərzində Aynurəni döymədiyini, 5-6 dəfə sözlü mübahisə etdiklərini, cəmi 1 dəfə şillə ilə vurduğunu qeyd edib.
Məhkəmədə ifadə verən A.Abdullayevanın anası Ə.Abdullayeva bildirib ki, qızı ailə həyatı qurandan sonra həyat yoldaşı ona daim pis rəftar göstərib. Aynurə Abdullayeva ilk övladına hamilə olduğu vaxt Yaqub pilləkəndə ona təpiklə vurduğu üçün uşaq travmalı doğulub: “Aynurə evli olduğu dövrdə daim əri Yaqub tərəfindən mənəvi iztirablara və fiziki zorakılığa məruz qalıb. Yaqub spirtli içki düşkünü olub və daim evə içkili vəziyyətdə gecə saatlarında gəlib. Evə gəldikdən sonra da hər xırda məsələni bəhanə edib Aynurənin şərəf və ləyaqətini təhqir edib, qızı daim döyüb. Aynurənin dediyinə görə, Yaqub onu döşəmədə yatızdırırdı, evdə qatığı və ya dovğanı yerə atıb onu təmizləməyə məcbur edirdi. Bundan başqa, Aynurənin dediyinə görə, Yaqub münasibətdə olduğu digər qadınlarla görüntülü danışanda bunu Aynurəyə göstərib ona mənəvi iztirab verirmiş. Bu dediklərimin hər biri son bir ildə müxtəlif vaxtlarda baş verib. Təxminən 3 ay əvvəl Yaqubun qardaşı Mehmanın toyundan əvvəl Aynurə ilə Yaqubun arasında növbəti dəfə baş verən mübahisə zamanı Yaqub Aynurənin gözündən necə zərbə vurmuşdusa, Aynurə ciddi zədə almışdı və bununla bağlı Badamdar qəsəbəsində yerləşən “Caspian Hospital” xəstəxanasında gözündən müalicə almışdı. Mübahisənin düşməsinin səbəbi işıq borcunun ödənilməməsi, bunun nəticəsində mənzilə elektrik verilməsinin dayandırılması olmuşdu. Aynurə bu barədə Yaquba deyəndə sonuncu ona deyib ki, “İşıq yoxdur evdə, şam yandır”. Bu xəbəri eşidəndən sonra Aynurəgilin evinə bir neçə şam alıb apardıq, evə gələndə əhvalı çox pis idi. Aynurəgilin evində heç vaxt yeməyə ərzaq olmurdu, ya mən, ya da bacıları ona kömək etmək üçün ərzaq alıb onlara aparırdıq”.
İntihar edən A.Abdullayevanın anası əlavə edib ki, Aynurə daim onunla danışanda Yaqubun onu döyməsindən şikayət edib: “Hətta, təxminən dörd-beş ay əvvəl Yaqub gecə saatlarında evə içkili gəlib Aynurəni döydükdən sonra Aynurə bezib evdən tək qaçmışdı və evlərinin yanında yeni aldıqları və hər ay kredit ödədikləri, tikintisi tam başa çatmamış evinə gedib gecə saatlarına qədər orada qalmışdı, sonradan övladları evdə qaldığına görə məcburiyyət qarşısında geri qayıtmışdı. Aynurə ilə Yaqub arasında bir neçə dəfə də böyük övladlarının məktəbə getməsinə görə münaqişə olmuşdu. Belə ki, uşağın məktəbdə qeydiyyata düşməsi üçün həm anasının, həm də atasının şəxsiyyət vəsiqəsinin surətinə ehtiyacı olsa da, Yaqubun şəxsiyyət vəsiqəsinin vaxtı bitmişdi və Aynurə ona şəxsiyyət vəsiqəsini dəyişməsini bildirəndə “Olsun da məktəbə getməsin, ona məktəb lazımdır?” deyə cavab verirdi. Aynurə bu söhbətləri mənə evdən küsüb gələn zaman danışmışdı. Yaqub həddindən artıq qıza zülm edirdi, onu incidirdi. Qızım boşanmaq istəsə də, el içində rüsvay olmamaq üçün hər dəfə onları barışdırmışdıq. Onlara kömək etməkdə məqsədimiz Yaqubun hər dəfə gəlib and içərək Aynurəyə bundan sonra yaxşı baxacağına dair söz verməsi olmuşdu”.
Məhkəmənin hökmü ilə Yaqub Qurbanov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Follow @7timesaz