“Son bir neçə gündə qaz sayğaclarının dövlət yoxlanışı prosesi səhv şərh edilir və ümumiyyətlə bu sahədə yanlış fikirlər yayılmaqdadır”.
7times.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.
Abonentləri səhv səslənən bu cür fikirlərə inanmamağa çağıraraq, C.Səfərov qeyd edib ki: “Kifayət qədər ətraflı məlumat verilməsinə baxmayaraq müxtəlif internet resurslarında hələ də qaz sayğaclarının əvəzlənməsi ilə bağlı dolaşıq fikirlər yayılır. Nəticə etibarilə bu, 2 milyon 400 minə yaxın təbii qazdan istifadə edən əhali abonentini çaşdırır, həm də bu qədər abonentə xidmət edən qurumun fəaliyyətinə kölgə salır.
Bir daha qeyd edirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qaydalara əsasən məişət qaz ölçü qurğuları əhali abonent qrupu üçün 5 ildən bir, qeyri-əhali abonent qrupu üçün 3 ildən bir dövlət yoxlanışına açılaraq götürülür. Daha sonra “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində dünyanın qabaqcıl texnologiyalarına əsaslanan müasir avadanlıqlar ilə dövlət yoxlanışı icra edilir. Bu yoxlanış prosesi isə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin müşahidəsi, Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarəti altında şəffaf şəkildə həyata keçirilir. Onların qeyd edilən Departamentdə daimi nümayəndələri fəaliyyət göstərir. Son bir ay ərzində isə dövlət yoxlanışı zamanı təbii qaz sayğacı əvəzlənmələri aparılarkən mexaniki-elektron sayğaclarla təmin edilən abonentlərin qaz sərfiyyatının daha çox qeydə alınması barədə iddiaları ortalığa çıxıb.
Bunu şəffaf şəkildə araşdırmaq məqsədilə yanvar ayının 26-dan etibarən “Azəriqaz” İB-nin Metrologiya Departamentində hər həftənin 2-ci və 4-cü günləri saat 14:00-dan 17:00-dək “Açıq qapı” günləri keçirilir. Qaz ölçü qurğularının yoxlanış prosesi ilə tanış olmaq üçün bütün ictimaiyyət nümayəndələri, abonentlər, ekspertlər, mətbuat və sosial şəbəkə ünvanları vasitəsilə əvvəlcədən Departamentə dəvət edilib. Hətta mexaniki-elektron sayğaclarının sərfiyyatı çox qeydə alması barədə fikirlər söyləyən abonentlərə müraciət edilərək sayğaclarının açılaraq özlərinin iştirakı ilə yoxlanılmasına da şərait yaradılacağı bəyan olunub. Bəzi abonentlər bu çağırışa uyğun olaraq sayğaclarını yoxlamaya təqdim ediblər. Lakin sayğaclarda sərfiyyatın çox qeydə alınması iddiaları təsdiqini tapmayıb. Yoxlamanın nəticəsi sınaq protokolunda əksini tapıb, yuxarıda adları çəkilən digər təşkilatların nümayəndələri də bu sənədi imzalayıblar. Energetika Nazirliyinin bu barədə rəsmi açıqlaması olub.
Qeyd edək ki, dövlət yoxlanışı üçün sayğac əvəzlənmələri tam ödənişsiz həyata keçirilir. Fevral ayının 1-dən isə bu proses icra olunarkən seçim abonentin ixtiyarına verilir. Yəni o, əvəzlənmə zamanı quraşdırılacaq yeni sayğacın mexaniki-elektron və ya əvvəlcədən ödənişli (smart-kart) olacağını özü müəyənləşdirəcək.
Bütün bunları nəzərə alaraq, bir daha qaz sayğacları barədə yanlış fikirləri paylaşanlardan xahiş edirik ki, qarşıdakı həftələrdə (hər həftənin 2 və 4-cü günləri saat 14:00-dan 17:00-dək) davam edəcək “Açıq qapı” günlərinə gəlsinlər. Bu proseslə yaxından tanış olsunlar. Bundan başqa Birliyin baş direktoru cənab Ruslan Əliyev də hər həftənin 5-ci günü saat 14:00-da Facebook sosial şəbəkəsi üzərindən canlı yayım edərək, hər kəsi maraqlandıran sualları cavablandırır. Biz “Azəriqaz” İstehsalat Birliyi olaraq müzakirələrə həmişə hazırıq.
Follow @7timesaz