Azərbaycanda “Azərlotoreya” adlandırılan fırıldaq sürətlə yayılır. Bu bəla xalqımızı talamaqla məşğul olan dağıdıcı məmurlara havayı qazanc verir. “Poz, qazan” adlı fırıldaq ölkəni tam işğal etməkdədir.
Qurum aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir, küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.
Ona görə ki, “Azərlotereya” ASC oyunçuları aldadır, nadir hallarda kimsə mərcdən cüzi qazana bilir, udan da onu tamaha gəlib başqa bir yerdə uduzur. Beləcə hər gün yüzminlərlə manat dövr edir və kasıb təbəqədən çıxan pullar şirkətin cibinə girir. İşin bəlalı tərəfi budur ki, bu oyunlar hansısa mərkəzlərdə, məntəqələrdə deyil, hər yerdə təşkil olunur. Kasıb, üzülməkdə olan xalq da qazanmaq ümidilə sonuncu manatlarını qumara sərf edir və acından ölməmək üçün oğurluğa və digər ağır cinayətləri törətməyə vadar olur.
Deputatlardan biri açıq deyir ki, Azərbaycanda bu cür oyunlara yer verilməsi, insanların zəhmətsiz gəlir əldə etməyə alışdırılılması və milli psixologiyada dərin çatlar yaradan qumar oyunları dərhal küçələrdən yığışdırılmalıdır: “İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar, faciələr baş verir”.
Kasıb təbəqə, dövlətin himayəsində olan qumarxana ilə oyuna girir və hesab edir ki, nə vaxtsa “cek-pot” udub həyatını dəyişdirəcək, yazıq kasıb, bir də cahillikdən əziyyət çəkir. Azərlotereyanın feysbuk səhifəsində isə şərh yazan insanların böyük əksəriyyəti lotereyada uduşların çox xırda rəqəmlərdən və az olmasından şikayətçidir.Feysbukda keçirdiyimiz sorğuda, həmçinin bu cavablarla qarşılaşdıq.
7times.az saytının əməkdaşı mövzuya dair küçədə bilet satan satıcılardan bir sıra məlumatlar almağa çalışıb. Maraqlıdır, gün ərzində nə qədər bilet satılır, satılan biletlərə iri məbləğli uduşlar düşürmü? Ənvər adlı satıcı bildirdi ki, gün ərzində 50-60 satış edə bilir. İri məbləğli uduşla bağlı məsələyə gəlincə, bir həftə öncə 800 manatlıq uduş olduğunu bildirdi. Bu ərəfədə piştaxtaya yaxınlaşan bir alıcı isə heç vaxt böyük məbləğlər uda bilmədiyini, ara-sıra əyləncə üçün uşaqlarına aldığını söylədi. Söhbət zamanı piştaxtaya yaxınlaşan alıcı “Binqo” aldı. Bildirdi ki, tez-tez lotereya bileti alır, amma cəmi bir dəfə 5 manat udub.
Düşünürük ki, məsələyə dövlət səviyəsində baxılmalı, daim nəzarətdə saxlanmalıdır. Azərlotereya oyunların necə keçirilməsi ilə bağlı açıqlama verməlidir. İnsanları göz görə-görə aldatmaq və qeyri-şəffaf keçirilən oyunlara icazə vermək qəbul edilməzdir!
7times.az
Follow @7timesaz