Bakıda Bakıxanov qəsəbəsində 10 may 2022-ci ildə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilmiş monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.
Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. O cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib.
Fakta görə Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Follow @7timesaz