Bakıda motosikletlə şou göstərən sürücü saxlanıb. Həmin sürücünün əməli avtoxuliqanlıq kimi qiymətləndirilib və o, inzibati qaydada həbs edilib.
Eyni anda həm əyləci, həm də qaz pedalını sıxır.
Motosiklet yerindən tərpənmədiyi üçün arxa təkər yerində dövr edir. Bu zaman ətrafa həm güclü səs yayılır, həm də təkərdən tüstü çıxır.
Görüntülər bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Tolstoy və Səməd Vurğun küçələrinin kəsişməsində çəkilib. Həmin video sosial şəbəkələrdə də paylaşılıb və xeyli müzakirlərə səbəb olub. Kadrlardan da göründüyü kimi, həmin gəncin əməli ərazidə xidmət aparan polis əməkdaşı tərəfindən lentə alınıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılıb və motosikletin sürücüsü – 19 yaşlı Əli Hidayətzadə saxlanıb. Həm özü, həm də ətrafdakı insanlar üçün təhlükə yaradan sürücü deyir ki, motosiklet özünə məxsusdur və restoranlardan birində kuryer işləyir.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, bəzən motosiklet və moped sürücüləri elə zənn edirlər ki, onlar nəqliyyat vasitəsi idarə etmirlər. Amma bu, kökündən yanlışdır. Onlar da təyinatlarına uyğun yol hərəkəti qaydasına əməl etməlidirlər.
Qeyd edək ki, motosikletin sürücüsü Əli Hidayətzadə barəsində toplanan material Nəsimi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, avtoxuliqanlıq əməlinə görə, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs olunub.
Follow @7timesaz