Ölkə

Bakıətrafı qəsəbələrin yarıyolda qalmış yol infrastrukturu nə vaxt düzələcək? – RƏSMİ AÇIQLAMA

Bakıətrafı qəsəbələrin yarıyolda qalmış yol infrastrukturu nə vaxt düzələcək? – RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu görüntülər hansısa ucqar rayon kəndindən deyil. Paytaxtın Suraxanı rayonu Zığ-Hövsan yolunda yerləşən Dədəqorqud qəsəbəsidir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi nəzərdə tutulsa da illər keçməsinə baxmayaraq qəsəbəyə hələ də asfalt yol çəkilməyib.

7times.az xəbər verir ki, daha acınacaqlı vəziyyət qəsəbədə yerləşən 315 nömrəli orta məktəbin qarşısındadır. Əyani tədris dövründə şagirdlər yağış sularının toplandığı gölməçələr səbəbindən məktəb binasına daxil olmaqda çətinlik çəkirlər. Avtomobillər belə bu yolu çətinliklə keçir. Sakinlər dəfələrlə avtomobillərin nomrəsinin gölməçənin içinə düşüb itdiyinin şahidi olublar. Belə bərbad yollar təkcə bu ərazidə deyil, paytaxtın Hövsan, Ramana, Suraxanı və s. qəsəbələrində də mövcuddur.

Problemlə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli 7times.az-a açıqlamasında bildirdi ki, ölkə başçısı qəsəbədaxili yolların təmiri ilə əlaqədar 2019-cu ildən agentliyə tapşırıq verib: “İndiyədək bu işlərə icra hakimiyyəti və bələdiyyələr cavabdeh idi. Onlar tam olaraq bu gücə malik olmadıqları üçün ölkə başçısı bizə tapşırıb. 2019-cu ildən bəri bu istiqamətdə işlərə başlamışıq. 2019-cu ildə 300 kilometrə yaxın, 2020-ci ildə bundan bir az artıq yol təmir olunub.  Növbəti illərdə də proses davam etdiriləcək. 2023-cü il də daxil olmaqla hər şey qaydasında getsə, tədbirlər planına əsasən qəsəbədaxili yolların təmiri yekunlaşacaq. Yolların bir hissədə təmir olunub digər hissədə qalması o demək deyil ki, proqram yarımçıq həyata keçirilir. Bunu birdən-birə etmək mümkün deyil. Hissəli, növbəli  şəkildə bütün ehtiyacı olan yollar təmir olunacaq”.

Təranə Mirzəyeva

7times.az