Sentyabrın 10-da Bakıda Nizami Gəncəvi heykəlinin qarşısında Yaponiyanın Nara prefekturasının ənənəvi mədəniyyət tədbiri olan “Şam festivalı” təşkil edilib.
7Times.az “AzərTac”a istinadən xəbər verir ki, mərasimdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi festivalın qədim tarixə malik olduğunu söyləyib.
Bildirib ki, Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində Yaponiyanın Nara prefekturasından festivala 3 nəfər mütəxəssis dəvət olunub: “Bu ənənə, 1300 il bundan öncə Nara prefekturasında təşkil olunan “Nara şam festivalı”nın tərkib hissəsidir və geniş əraziyə malik Nara parkı boyunca 20 min yanan xüsusi şamın düzülməsi ilə həyata keçirilir. 1999-cu ildən etibarən keçirilən və 10 gün davam edən bu tədbirə adəti üzrə 90 min ziyarətçi yığışır.
Xüsusi şamların alt hissəsi gül formasında hazırlanır və hesab olunur ki, bu, xoş niyyət aşılayır. Festivala təşrif buyurmuş hər kəsin xoşbəxt olması diləyi ilə bu şamlar yandırılır. Bakıdakı tədbir üçün Yaponiyadan xüsusi olaraq 2100 ədəd şam gətirilib. Şamların saçdığı möhtəşəm ab-hava insanlara xoş əhval-ruhiyyə bəxş edir. Tədbir Azərbaycan və Yaponiya xalqları arasındakı dostluq münasibətlərinin daha dərinləşməsi məqsədilə təşkil edilir. Festivalı Bakıda keçirdiyimiz üçün çox məmnunuq”.
Qeyd edək ki, bu günədək bu tədbir Avstraliya, ABŞ, Vyetnam, Koreya və digər ölkələrdə təşkil edilib.
Follow @7timesaz