Ölkə

“Başa düşmürəm, mən biznesmenəm? Məndən illik pul alırlar” – Sabir Rüstəmxanlı

“Başa düşmürəm, mən biznesmenəm? Məndən illik pul alırlar” – Sabir Rüstəmxanlıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ailə üzvlərinin də aeroportda VİP salondan istifadə etməsini istəyir.

7Times.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, əvvəllər millət vəkilləri diplomatik xarici ölkələrə gedəndə ailə üzvlərini yanlarında apara bilirdilər:

“Sonra onların özləri olmadan da övladı və həyat yoldaşı VİP salondan istifadə edə bilirdi. Bu qanun hər yerdə belədir. Hətta əvvəl millət vəkili olub, sonra olmayanlar da VİP salondan istifadə edə bilirdi. İndi qayda belədir ki, özün gedirsənsə istifadə edə bilərsən, amma özün getmirsənsə, sənin ailə üzvlərin orada gedə bilməz. Bu məsələdə millət vəkillərinə fərqli münasibət var. O VİP salonlara ticarət adamları, vəzifəli şəxslərin qohumları rahat gəlib-gedirlər. Amma millət vəkilləri bundan istifadə edə bilmir. Niyə belə ögey münasibət olmalıdır? Mən istəyirəm bu məsələ bizim aidiyyəti orqanların qarşısında qaldırılsın”.

Sabir Rüstəmxanlı pansionat məsələsinə də diqqət çəkib:

“Mən təxminən otuz ildir ki, bizim pansionatda qalıram. İki otaqlı mənzilim var. Mənim bütün yazı-pozu işlərim ora ilə bağlıdır. Sakit bir yerdir. Amma orda biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orda güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan millət vəkili, yəni mən belə qala bilmirəm. Mən məcburam orda qalam. Başqa imkan yoxdur. Amma mən orda biznesmen kimi qalıram. Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harada görülüb? Niyə görə belə olmalıdır? Nazirlər Kabinetinin işçiləri, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna millət vəkilinin statusunun aşağı salınması kimi baxıram. Milli Məclisin statusu aşağı salına bilməz. Bu, Azərbaycanın dövlət müstəqilliyində xüsusi xidməti olan bir orqandır. Millət vəkilləri də ən ağır yükü daşıyır. Millətlə üz-üzə. Camaatın şikayətlərini qəbul edir. Gərgin, əsəbi. Bu otuz ildə nələr çəkmişik hamı bilir”.

Deputat diplomatik pasport məsələsini də qaldırıb: “Millət vəkili diplomatik pasportdan ancaq xidmət etmək üçün istifadə edir, amma deputat olmayan kimi bu pasport qaytarılmalıdır”.