ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
7Times.az xəbər verir ki, bununla bağlı Ağ Evin saytında məlumat yayılıb.
Bayden Netanyahuya bildirib ki, ABŞ-ın Qəzzada müharibəyə gələcək dəstəyi İsraildən mülki insanları və yardım işçilərini qorumaq üçün yeni addımlar atmasını tələb edəcək.
“Prezidentin bugünkü çağırışı zamanı dediyi kimi, ABŞ-ın Qəzza zolağına dair siyasəti İsrailin bu və digər addımlarla bağlı dərhal hərəkətlərinə, o cümlədən günahsız mülki şəxslərin və yardım işçilərinin təhlükəsizliyinin qorunmasına yönəlik addımlarını qiymətləndirməmizlə müəyyən ediləcək”, – məlumatda deyilir.
Co Bayden və Benyamin Netanyahu arasında 30 dəqiqəlik söhbətdə ABŞ lideri bəyan edib ki, əgər humanitar yardımların çatdırılmasını genişləndirilməsə, Vaşinqton dəstəyi yenidən nəzərdən keçirəcək. Ağ Ev ABŞ siyasətində konkret olaraq nəyin dəyişə biləcəyini açıqlamayıb. İsrailin baş nazirinin ofisi elan edib ki, təhlükəsizlik kabineti Qəzzaya humanitar yardım axınını artırmaq üçün bir sıra təcili addımları təsdiqləyib.
Bayden telefon danışığında həmçinin dərhal atəşkəsin əldə edilməsinin və Qəzza zolağında hələ də saxlanılan təxminən 100 girovun dəyişdirilməsinin vacib olduğunu bildirib və İsraili gecikmədən belə bir razılaşma əldə etməyə çağırıb.
Follow @7timesaz