ABŞ-da neftin strateji ehtiyatlarının 1987-ci ildən sonra ən aşağı səviyyəyə düşməsi haqqında xəbərlər fonunda “qara qızıl”ın qiyməti artıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,39% bahalaşaraq 1 bareli 124,07 dollara satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,29% artıb və 1 bareli 122,47 ABŞ dolları təşkil edib.
İnvestorlar ABŞ-da neft ehtiyatları ilə bağlı həftəlik statistikanı qiymətləndirirlər. Ölkənin Energetika Nazirliyinin məlumatına görə, iyunun 3-dək olan həftə ərzində ABŞ-da neftin strateji ehtiyatları 7,3 milyon barel və ya 1,4% azalaraq 519,3 milyon barelə düşüb. Bu isə 1987-ci ilin mart ayından sonra ən aşağı göstəricidir.
Bundan əlavə, ölkədə neftin kommersiya ehtiyatları 2 milyon barel və ya 0,5% artaraq 416,8 milyon barelə çatıb.
ABŞ-da benzin ehtiyatları 0,8 milyon barel azalaraq 218,2 milyon barelə düşüb. Analitiklər ehtiyatların 1,1 milyon barel artacağını gözləyirdilər.
Follow @7timesaz