Cəmiyyət

Bu gün cinayət işi açılan direktor 7 il əvvəl də gündəmə gəlmişdi

Bu gün cinayət işi açılan direktor 7 il əvvəl də gündəmə gəlmişdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Baş Prokurorluq 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru işləmiş Gülnarə Abdullayevanın qanunsuz əməlləri ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, o, saxta sənədləşdirmələrlə 88 min 622 manat pul vəsaitini mənimsəyib. 

7Times.az  xəbər verir ki, adıçəkilən direktor məktəbdəki neqativ hallarla bağlı dəfələrlə mətbuatın gündəminə gəlib. Belə ki, hələ 2014-cü ilin mayında sözügedən internat məktəbində 10 yaşlı uşaqlar arasında mübahisə düşmüşdü. Nəticədə uşaqlardan biri digərinin üzərinə qaynar su tökərək yandırmışdı. F. Quluzadə qulaq və boyun nayihəsindən ağır yanıq xəsarətləri almışdı.

Həmin vaxt qeyd edilirdi ki, sözügedən dəhşətli hadisə internat rəhbərliyi tərəfindən gizlədilməyə çalışılıb. Hətta xəstəxanaya və polis bölməsinə belə bu haqda məlumat verilməyib.

2014-cü ilin noyabrında isə 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbi digər xoşagəlməz hadisə ilə gündəm olub. Bu dəfə sosial şəbəkələrdə yayılan görüntülərdə azyaşlıların bir-birini çimizdirməsi əks olunurdu. Qeyd edilirdi ki, internat məktəbində xeyli sayda tərbiyəçi olsa da, uşaqlar soyuq tualetdə, məhz şlanq vasitəsilə çimirlər.

Həmin il baş vermiş hər iki hadisə ilə bağlı Gülnarə Abdullayevanın cavabı bənzər olmuşdu. O, məktəbdə uşağın yandığını ört-basdır etməsi ilə bağlı xəbəri təkzib etmişdi: “Autizm xəstəliyindən əziyyət çəkir. Kiçik yanıq xəsarəti alıb. Buna baxmayaraq, mən bu işdə məsuliyyəti olan tərbiyəçiləri cəzalandırmışam”.

Uşaqların çimməklə bağlı yayılan videosuna isə direktor belə cavab vermişdi: “Bizim internat məktəbində hər cür şərait var. Necə ola bilər ki, bu boyda internat məktəbində hamam olmasın?! Bu işlərin hamısını məktəbdə pedaqoq işləmiş Mülkicahan Əliyeva edib”.

Bundan başqa, G. Abdullayeva mətbuatın gündəminə fantastik tender məbləğləri ilə də gəlib. Belə ki, internat məktəbin 20 000 kubmetr içməli suyun satınalması üçün 80 000 manat dəyərində müqavilə bağladığı məlum olub.

Qeyd edək ki, bugünkü rəsmi məlumata görə, bu İnternat Məktəbinin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edib saxtakarlığa yol verməklə külli miqdarda pul vəsaitini mənimsəmələri faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə külli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.