“Azəriqaz” İstehsalat Birliyi 2020-ci il dekabr ayının 30-dək əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb.
7times.az-a daxil olan məlumatda qeyd edilir ki, dekabr ayının 30-na olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 325 min 043 əhali abonentinin cəmi 20.9 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 485 min 268 abonent deməkdir. Yerdə qalan 1 milyon 839 min 775 abonent (ümumi əhali abonentlərinin 79.1 %-i) qazdan güzəştli limit daxilində istifadə edib.
Əlavə olaraq bildiririk ki, 2200 kubmetr həcmində olan güzəştli limit həddi smart-kart tipli sayğaclardan istifadə edən əhali abonentləri üçün dekabrın 31-də gecə saat 00:00-da başa çatır. Artıq 2021-ci il yanvar ayının 01-dən etibarən yeni 2200 kubmetr həcmində olan güzəştli limit həddinin istifadəsinə başlanılır. Köhnə ildə istifadə olunmayan güzəştli limit həddi varsa, bu həcm yeni ilə keçmir. Bundan başqa, bəzi abonentlər elə güman edir ki, limit həddini keçməyinə baxmayaraq smart-karta 2020-ci il dekabrın 31-də vəsait yükləyərsə və bu məbləği yeni ildə sayğaca daxil edərsə, sanki güzəştli limitdə artım əldə edəcək. Əslində bu, belə deyil. Vəsait karta yüklənilən anda ödəniş bazasında qeydə alınır. Yəni limit həddi keçildikdən sonra karta yüklənən məbləğ yeni ilin istənilən dövründə istifadə edilərsə, hər kubmetr qaza görə hesabat 20 qəpikdən aparılacaq. Ona görə də abonentlərdən bu məqama diqqətlə yanaşmaları xahiş olunur.
Mexaniki-elektron qaz sayğaclarında isə güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk on günlüyünə əsasən aparılır. Belə ki, bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər. Göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır.
Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək. Əgər abonent istifadə etdiyi mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, o halda, 2020-ci il dekabrın 31-də və ya 2021-ci il yanvarın 01-də sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı votsap nömrəsinə göndərə bilər. Bir şərtlə ki, mobil telefonda çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq.
Bundan başqa, dövri dövlət yoxlanış müddəti çatmış smart-kart tipli sayğac mexaniki-elektron sayğacla əvəz olunubsa, smart-kart tipli sayğaca öncədən aşağı tariflə limit daxilində ödəniş etmiş abonentlər bilməlidirlər ki, sayğacda qalan vəsait mexaniki-elektron sayğaclarının hesablarına təbii qaz həcmi kimi deyil, ödəniş formasında qaytarılır. İlin sonuna aşağı tariflə smart-kart tipli sayğacla istifadə olunmuş qaz sərfi nəzərə alınacaq, üzərinə yeni istifadədə olan mexaniki-elektron sayğacın göstəricisi də əlavə edilməklə hesabat tərtib ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artıb.
Follow @7timesaz