Bu gün V-IX siniflərdə sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi tədris qismən bərpa olunur.
Bu barədə 7times.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 8-dən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1,5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədrisə başlanılacaq. Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla dərslər keçiriləcək.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada təşkil olunacaq.
Qeyd edək ki, fevralın 15-dən məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə tədrisə başlanılacaq.
Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa ediləcək.
Xatırladaq ki, fevralın 1-dən ibtidai siniflər üzrə əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib. İbtidai siniflər üzrə 628 min 651 şagird, məktəbəhazırlıq qruplarında 103 min 604 uşaq əyani olaraq dərslərə başlayıb. Həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında 9 min 207 uşaq ənənəvi tədrisə cəlb olunub.
Follow @7timesaz