Cəmiyyət

Bu gündən toylara dair icazələr üçün portal aktivləşdirilir

Bu gündən toylara dair icazələr üçün portal aktivləşdirilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına dəyişiklik edilib. Qərara əsasə, müvafiq şərtlər daxilində şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.

“ASAN xidmət”dən 7times.az-a verilən məlumata görə, şənlik mərasimlərinin keçirilməsi üçün icazə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icaze.e-gov.az portalından əldə olunmalıdır. Portalın fəaliyyəti bu gündən etibarən Mərkəz tərəfindən aktivləşdirilir.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatı portala daxil etməlidir. Məkan sahibi tərəfindən əməkdaşlar haqqında məlumatlar portala daxil edildikdən sonra qurumda COVID-19 pasportu olan əməkdaşların faiz göstəriciləri haqqında məlumat əsas səhifədə əks olunacaq. 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.

Həmçinin şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatlar icaze.e-gov.az portalına əlavə olunmalıdır. Bu zaman, həmçinin məkan sahibi ilə toy sahibi arasında “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl edilməsinə dair iltizam sənədi də doldurularaq portala yüklənilməlidir. Tədbirin başlamasına 5 gün qalmış tədbirlə bağlı heç bir düzəliş edilə bilməz.