Seroloji testlər miktoorqanizmlərin, o cümlədən virusların törətdiyi xəstəliklərdə çoxdan istifadə olunur. Bunlar qan zərdabında virus əleyhinə anticisimlərin aşkarlanmasına əsaslanan testlərdir”.
7times.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyəti yanında “COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin sədri Akif Qurbanov bildirib.
Onun sözlərinə görə, bu testlər vasitəsilə hər hansı bir şəxsin qan zərdabında istənilən mikroorqanizmə qarşı anticisimlərin olub-olmamasını aşkar etmək olur: “O cümlədən də koronavirusa qarşı anticisimləri də aşkar etmək mümkündür. Amma bir məsələ var ki, bu anticisim testindən, seroloji testlərdən diaqnoz üçün istifadə edilmir. Çünki virus orqanizmə daxil olduqdan ən azı 1 həftə sonra qanda anticisim yaranmağa başlayır. Ona görə də əgər biz bununla diaqnoza girsək, çox gecikmiş olarıq. Hazırda əsas diaqnostik test PZR testləridir ki, bunun vasitəsilə diaqnoz qoyulur. Anticisim testi isə ona görə lazımdır ki, hansı qisim insanlar bu xəstəliyi keçirib, hansı keçirməyib. Çünki anticisimlərin əmələ gəlməsini öyrənməklə bütün əhali qrupları arasında hansı insanların bu xəstəliyə qarşı immunitetinin yaranmasını öyrənə bilərik. Gələcək əks-epidemik tədbirləri bunun üzərindən apara bilərik. Bu, bir növ proqnostik əhəmiyyət daşıyır. Hazırda TƏBİB bu işlərlə məşğul olur və əhali arasında COVİD-ə qarşı anticisimlərin yaranmasını müəyyən edən seroloji testlərin istifadəsinə başlanılıb. Bu, könüllülük əsasındadır, amma bu o demək deyil ki, hamı müraciət etsə, onlarda seroloji testlər həyata keçiriləcək. Təsadüfi qruplar deyilən qrupda bunu aparsaq, düzgün nəticə əldə edə bilərik. Bizə lazım olan budur ki, hazırda əhalinin neçə faizi bu xəstəliyi keçirib. Bilsək ki, 50-60 faiz əhali bu xəstəliyi keçirib, çox güclü yumşalmalara da gedə bilərik. Onda bilərik ki, insanların 2/3 hissəsi immunitet qazanıb, onlarda anticisimlər var, onda karantin rejimini də çox sərtləşdirməyə ehtiyac yoxdur. Amma burada 15-20, 30 faiz nəticə alsaq, görsək ki, hələ də insanların böyük qismi xəstəliyə yoluxmayıb və qanında anticisimlər yoxdur, onda karantin rejimlərinin daha da ciddi olmasına əməl etməliyik. Nəticələr yaxın vaxtlarda elan ediləcək, digər regionlarda da keçiriləcək”.
Follow @7timesaz