Pandemiya səbəbindən çox sayda insanın iş yerini itirməsi gəlirlərinin aşağı düşməsinə səbəb olub. Bu da ali məktəblərdə ödənişli əsaslarla təhsil alan ailə üzvlərinin təhsil haqlarının ödənilməsində ciddi problemlər yaradıb.
7times.az xəbər verir ki, sosial cəhətdən həssas ailələrdən olan 20 min tələbənin təhsil haqqını ödəmək üçün dövlət tərəfindən 40 milyon manat vəsait ayrıldı. Digər tələbələr isə hələ də bu problemlə üz-üzə qalıb. Bəzi universitetlərdə tələbələrə təhsil haqqının ödənilmədiyi təqdirdə imtahana buraxılmayacaqları bildirilir. Bu ali təhsil müəssisələrindən biri də Azərbaycan Dillər Universitetidir. Universitetin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin 3-cü kurs tələbələri bildirirlər ki, onlardan təhsil haqqını ödəməyi tələb edirlər, əks halda verdikləri imtahanların nəticələrinin ləğv olunacağı və növbəti imtahana buraxılmayacaqları bildirilib. Valideynlərinin pandemiya səbəbindən iş yerini itirməsini qeyd edən bir qrup tələbə bu ilin təhsil haqqını heç cür ödəyə bilmədiklərini deyirlər.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxladıq. Nazirlik rəsmisi bildirdi ki, bu tələbələrə güzəşt olunmalıdır: “Təhsil haqqını ödəyə bilməyən tələbələrə möhlət verilməlidir”.
7times.az
Təranə Mirzəyeva
Follow @7timesaz