Cəmiyyət

Buraxılış imtahanı proqramları sadələşdirilib

Buraxılış imtahanı proqramları sadələşdirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsini nəzərdə tuturuq. Bundan əlavə, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsini də 2 dəfə keçirməyi planlaşdırırıq. Ancaq bütün bunlar vəziyyətdən asılı olacaq”.

7times.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib. O qeyd edib ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər:

“Buna əvvəlcədən hazır olmaq lazımdır. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər.

İmtahanların nəticələri barədə sədr bildirib ki, son illər buraxılış və qəbul imtahanlarının nəticələri ilə əlaqədar qismən də olsa, inkişaf tendensiyasını müşahidə etməkdəyik:

“Tədris prosesinin ənənəvi qaydada aparılmaması, eləcə də təlim-tərbiyə prosesində yaranan digər çətinliklərə rəğmən 2020-ci ildəki imtahanların nəticələrinin ötən illərlə müqayisədə bir-birinə yaxın olması imtahanlardan öncə atılan qabaqlayıcı addımlarla əlaqələndirilməlidir. Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirildi. Biz qəbul proqramını və imtahanın məzmununu iştirakçıların bilik səviyyəsinə adekvat şəkildə müəyyən etməyi qarşımıza məqsəd qoymuşduq. Bu həddən artıq mürəkkəb məsələdir. Qəbul proqramının və imtahanın məzmununun müəyyən hədd çərçivəsində sadələşdirilməsi, imtahan suallarının təqdim edilmə formasında edilən dəyişikliklər, tapşırıqların növlərinin nisbətinin müəyyən edilməsi və digər məsələlər ciddi araşdırma tələb edir. 2020-ci ildə keçirilən imtahanların nəticələrinə baxdıqda və ötən illərlə müqayisə etdikdə deyə bilərəm ki, biz iştirakçıların mövcud səviyyəsinə uyğun qəbul modelini tətbiq etmişik və məqsədimizə nail ola bilmişik”.

M. Abbaszadə əlavə edib ki, hər hansı güzəşt ümumilikdə bizi geri salmamalıdır:

“Bu, müasir dünyada gedən rəqabət və informasiya cəmiyyəti quruculuğu proseslərində yüksək peşəkarlıqla çalışa biləcək mütəxəssislərin yetişdirilməsi üçün çox vacibdir.

2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm 9, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramları da sadələşdirilib. 9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq. Bilirsiniz ki, 9-cu sinif üzrə buraxılış imtahanları 1 mərhələdə keçiriləcək.  Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Nazirlər Kabinetinin qərar layihələri hazırda Nazirlər Kabinetində baxılmaqdadır. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən  Azərbaycan dili (dövlət dili kimi) fənni  imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaq. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur”.