Maraqlı

Cariyələr, xədim ağalar, qaradərili kölələr… – Sultanların sirli hərəmləri

Cariyələr, xədim ağalar, qaradərili kölələr… – Sultanların sirli hərəmləribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərəb dilində yasaq, qadağa, haram kəlməsindən yaranan hərəm şərq ölkələrinin, xüsusən də Osmanlı imperiyasının ən gizli, qaranlıq hissəsi hesab olunur. Hərəm yüz illər boyu hər zaman insanların maraq dairəsində olub. Hərəmlər haqqında çoxsaylı kitablar yazılıb, filmlər çəkilib. Məşhur bəstəkar Motsart belə hərəm mövzusunda səhnəciklər hazırlamışdı. Kulis.az sarayların sirli hərəmləri haqqında araşdırma yazını təqdim edir.

Hərəmə hərəmbaşılardan icazəsiz girməyin və çıxmağın cəzası ölüm idi. Hərəm ancaq qadınlardan ibarət olub. Onların sayı 400 və 800 arasında dəyişib.

Qadınların hərəmə qəbul olunmasının bir neçə üsulu vardı. Müharibələrdə əsir alınan həm gözəlliyi, həm də sağlamlığı ilə diqqət çəkən, şahzadə doğmaq ehtimalları çox olan, xəstəliksiz qızlar, qadınlar hərəmə qəbul olunublar.

Fəth olunan şəhərlərdə qələbə qazanan ordunun əsgərlərinə qarşı müqavimət göstərilirdisə, əsgərlərə həmin şəhəri talamaq haqqı verilirdi. Misal üçün, Fateh Sultan Mehmet İstanbulu fəth etdiyi zaman əsgərlərinə üç gün talan haqqı vermişdi.

Talan zamanı qadınlar kölə olunaraq əsir götürülür, sonradan qul bazarında satılırdılar. Qadınların ən gözəlləri isə Sultana layiq bilinərək saray üçün götürülür və hərəmə göndərilirdilər.

Hərəmə qadın gətirilməsinin başqa bir yolu isə dünyanın müxtəlif ölkələrindəki kölə bazarlarından qadınların satın alınması idi. İstanbulda 1847-ci ilə qədər fəaliyyət göstərən bu bazar, beynəlxalq bazar hesab olunaraq bir çox qadın, kişi, uşaq, kölə satışlarında aktiv olduğu üçün bütün Avropada məşhur idi.

Hərəmə qadın gətirməyin üçüncü üsulu isə quldurlar vasitəsi ilə mümkün idi. Osmanlı quldurları Ağdəniz və Qaradəniz körfəzlərində ani basqınlar edir, bir çox qadını əsir götürərək kölə ticarətindən çoxlu pul qazanırdılar. Bu qadınların da ən gözəlləri hərəmə gətirilirdi.

Hətta, məşhur Xızır Rəis adlı quldur bəzi avropalı şahzadələri belə oğurlayıb Sultan Süleymana hədiyyə gətirməsi nəql olunur.

Hərəmə alınan bu qadınlara cariyə deyilirdi. Cariyə islam dinində “kölə qadın” mənasını verir və Quranda da onlar haqqında bir neçə surədə bəhs olunur.

Saraya girən qadınlar bir sıra dərslərdən keçməli idi. Onlara türk, fars və ərəb dilləri öyrədilirdi. Ud, qaval, rəqs sənətini mənimsəyir, həmçinin ədəbiyyat mütaliə edib vokal dərsləri alırdılar.

Bu dərsləri yaxşı mənimsəyən qadınlar usta səviyyəsinə qədər yüksəlirdilər. Onlar həm də ierarxik quruluşun bir parçası hesab olunurdular. Alt səviyyədəki qadınlar üst səviyyədəkiləri dinləmək məcburiyyətində idilər. Saraydakı qadınların gözəllikləri ilə yanaşı bilgili olmaları vacib idi. Çünki onlar padşahla hər sahədə söhbət edə bilməli, darıxdırıcı olmamalı idilər. Buna görə də sarayda gözəllikdən daha çox, ağıllı, məlumatlı olmaq da rol oynayırdı.

Ən üst səviyyədə padşahların anası hesab olunan Haseki sultan, ikinci səviyyədə padşahlara oğlan uşağı doğan qadınlar, üçüncü yerdə isə padşahlardan qız doğan qadınlar idi.

Qadınlar arasındakı qısqanclığın və davaların qarşını almaq üçün onların şahın yataq otağına girməsi tərtib olunmuş sırayla müəyyən olunurdu. Başqa bir üsul isə qadınların şahın otağına rəqqas qismində girməsi idi.

Padşah üçün seçilən qadınlar hamamda çimizdirilir, yaxşı yedirilib-içirilir, ətirlənib padşahın qapısına gətirilir və otağa salınırdı. Sabah namazına qalxan padşah onluq olan cariyəyə məmnuniyyətinə görə pul, ləl-cəvahirat və libas verirdi.

Həmin gecə padşahın bəyənmədiyi, itaət göstərmədiyi və ya övladı olmayan cariyə başqa biri ilə evləndirilir, ya da qulluqçuluğa göndərilirdi. Padşahların məmnun qaldığı qadınlar isə birinci, ikinci və üçüncü yerlərə sıralanıb mövqelərinə görə maaş alırdılar.

Qadınlar nəzakət qaydalarına mütləq nəzarət etməli idilər. Öz övladları olsa belə, şah soyundan gələn övladlarını “aslanım” deyə çağırmalı idilər.

Hərəmə nəzarət edənlər yaşlı qadınlar, qaradərili kölələr və xədim ağalar idilər. Xədim ağalar uşaq yaşda kölə kimi alınaraq uşaq yaşdan xədim edilib saraya gətirilirdilər. Onlar sarayın ən strateji məqamlarına nəzarət edirdilər, adətən Yəmən və Afrikadan gətirilirdilər. Hərəm ağalarının sonuncusu Xeyrəddin ağa 1976-cı ildə 110 yaşında vəfat edib.

Hərəm qadınları padşahın özəl mülkiyyəti hesab olunduğu üçün onların saraydan çıxması ciddi nəzarətlə təşkil olunurdu. Onlar hərəm ağaları ilə birgə adətən böyük qruplar halında gəzməyə çıxırdılar.

Hərəm qadınları adətən rahat və bərbəzəkli paltarlar geyinirdilər, Onların geyimində dekolte paltarlar dəbdə olub. O dövrlərdə büstqalter olmadığından sinə altından geyilən və sıtkı adı verilən geyimlər, qadınların sinəsini olduqca dolğun və həcmli göstərib.

19-cu əsrdə Dolmabahçe sarayında məskunlaşan saray əhlinin hərəmi də, təbii olaraq, orada məskunlaşıb. Sarayın quruluş etibarı ilə dəyişməsi nəticəsində hərəm qadınlarının da padşah üzərindəki təsir gücü tədricən azalmağa başlamışdır.(oxu.az)