Siyasət

Ceyhun Bayramov Türkmənistan prezidenti ilə görüşdü

Ceyhun Bayramov Türkmənistan prezidenti ilə görüşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində ölkə Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul olunub.

7times.az xəbər verir ki, görüşdə Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması, iki dövlət arasında enerji sahəsində əməkdaşlığın möhkənləndirilməsi, habelə bölgədə beynəlxalq tərəfdaşlığın inkişafı baxımından yüksək əhəmiyyəti vurğulanıb.

İkitərəfli əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı xüsusilə qeyd olunub.

Prezident Qurbanqulu Berdiməhəmmədov iki ölkə münasibətlərinin hazırkı vəziyyətini çox yüksək qiymətləndirirərək, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında əməkdaşlıq, dostluq və qarşılıqlı dəstək prinsipləri əsasında inkişaf edən münasibətlərin müsbət dinamikasını vurğulayıb, bu xüsusda son 3 il ərzində həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərləri və imzalanmış 50-dən çox sənədi qeyd edib.

Görüşdə, həmçinin dövlətlərimizin regional əməkdaşlıq formatlarında iştirakı, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Səfər çərçivəsində Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Anlaşma Memorandumu hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.

Habelə nazir Ceyhun Bayramovun Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.