Cəmiyyət

Çilingər artıq işlədiyinə görə vəfat edib? – SOCAR-dan açıqlama

Çilingər artıq işlədiyinə görə vəfat edib? – SOCAR-dan açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı 1 ilə yaxındır ki, dəniz özüllərində çalışan işçilərin iş saatından artıq işlədildiyini bildirir.

7times.az xəbər verir ki, M. Qəhrəmanlının sözlərinə görə, ötən ilin martın 14-dən etibarən platformalarda çalışan işçilər 15 gün yox, 1 ay və ya 40 gün müddətinə işdə saxlanılır. İddiaya görə, bunun qarşılığında işçilərə ikiqat yox, birqat maaş ödənilir. İB rəhbəri bunun Əmək Məcəlləsinin tələblərinə uyğun gəlmədiyini qeyd edib.

M. Qəhrəmanlı iddia edib ki, iş saatından artıq işlədilmə halına görə ötən gün “Abşeronneft”də 1 çilingər dünyasını dəyişib: “40 gündür dənizdəydi, ürəyi dözməyib ölüb. Nə qədər olacaq 7 gün hotel, 40 gün dəniz”.

Qeyd edilən məsələlərlə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovla əlaqə saxladıq. SOCAR rəsmisi ölüm faktını təsdiqləyib:  

“Bilirəm ki, bizim işçilərimiz bu məsələni Mirvari xanıma deyib. Mən də onunla danışmışam və iradlarını rəhbərliyə çatdırmışam. Çox çalışmışıq ki, məsələ həll olunsun. Hələ ki, bunun həlli mümkün olmayıb. Kiminsə problemi yaranıbsa, narahatlığı əmələ gəlirsə onun barəsində tədbirlər görülür. Belə insanlar rəhbərliyə müraciət edirlər və platformadan təxliyyə edilirlər.

Ancaq kiminsə buna görə dünyasını dəyişdiyini iddia etmək üçün sübut lazımdır. Əlbəttə ki, hər bir ölüm halı araşdırılır. Dünyasını dəyişən şəxs 1964-cü il təvəllüdlü Abid Həsənovdur. O, işdən kənar vəziyyətdə çay içərkən halı qəflətən pisləşib. Ona ilkin yardım göstərilsə də, dünyasını dəyişib. İlkin ehtimal budur ki, buna səbəb ürək çatışmazlığıdır. Aidiyyatı qurumlara məlumat verilib, dəqiqləşdirmələr aparılır. Həmin şəxs 22 dekabrda növbəyə başlayıb. 40 gün işdə olmasıyla bağlı yazılanlar doğru deyil. Ölüm halı sənayedə olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparırlar. Bunun üçün də tədbirlər görülür”.

O bildirib ki, işçilərin 15 gündən artıq işlədilməsi pandemiyaya görə zərurətdən irəli gələn məsələdir: “Biz insanları kifayət qədər uzun müddətə, ən azı 1 həftəlik müddətə karantində saxlamalıyıq. Əgər biz onları karantində saxlamaq məcburiyyətində olmasaydıq, onlar normal qaydada işlərinə davam edəcəkdilər. Şirkət də istəyir ki, normal qaydada iş getsin. Bu, şirkət üçün hər cəhətdən daha rahat olar. Ancaq pandemiyaya görə buna imkan olmur. Əvvəllər onları karantində daha az saxlayardıq. İşçilər üçün hotellərdə yerlər təşkil olunurdu. Orada 3 gün qalırdılar. Ancaq 3 gün qalanda biz görürdük ki, platformalarda yoluxma halları baş verir. Platformada 1 insan xəstədirsə, demək olar ki, hamı xəstələnir. Bu da böyük fəsadlara gətirib çıxarır. Ona görə də karantin müddətini bir az daha uzadıb 1 həftə etdik.

Yay aylarında növbənin uzadılması prosesi oldu. Bu zamandan sonra demək olar ki, artıq platformalarda yoluxma halları yoxdur. Yoluxmalar artıq karantin müddətində aşkarlanır. Karantinin ilk və son günlərində işçilər test olunurlar. Testin nəticəsi neqativ çıxarsa, onlar platformaya qayıdırlar. Karantində bir həftə qaldıqlarına görə demək olar ki, yoluxma olmur, başqa insanların həyatına da təhlükə yaranmır. Bu məcburiyyətə görə logistik olaraq insanları qısa müddətə yəni, 2 həftəlik zamanda dəyişmək mümkün olmur.  Bizdə işçilərin sayı digər şirkətlərdən çoxdur. Məsələn, BP şirkətində işçilərin sayı azdır, bizi onlarla müqayisə etmək düzgün deyil. Bu problemi qaldırıb müzakirə etmişik. Hamı da çox istəyir ki, yaxın zamanda peyvənd olarsa, bu problem birdəfəlik həll olunsun, hər kəs normal iş rejiminə qayıtsın. Hələ ki, başqa addımlar mümkün olmayıb, kiminsə təklifləri varsa bildirsinlər. Hansısa subyektiv səbəb yoxdur ki, insanları dənizdə bir ay saxlayaq. İşçilərin 1 ay saxlanılması şirkət üçün də əlavə xərcdir”.

İ. Əhmədov vurğulayıb ki, işçilərin maaşı əvvəl olduğu kimi verilir: “Məsələn, işçi 2 ay, 1 ay, 2 həftə, növbəti ay 2 həftə işləyirdisə, indi 2 ay ərzində 1 ayı bütöv işləyir, daha sonra gedir evdə, ya karantində qalır.  Bir var 1 ay işləyəsiniz, bir var 1 ay 2 həftə işləyəsiniz. O biri ay isə  2 həftə işləyəsiniz. 1 ay işləyəndə növbəti 1 ayı işləmirlər. Yəni 2 ay dalbadal işlənilmir. Bu zaman işçilərin narazılığı nədən əmələ gələ bilər? İki məsələyə görə. Birdəfəlik 4  həftə işləmək bəziləri üçün çətin ola bilər. İkincisi isə, karantin müddətində onlar gedib başqa işlə məşğul ola bilmirlər. Onlar üçün müxtəlif imkanlar təşkil olunur. İnternetdə oxuyub maariflənə bilərlər. Televiziyalara, filmlərə baxa bilərlər. Ancaq başqa insanlarla görüşə bilməzlər. Ola bilsin ki bununla bağlı da narahatlıq ola bilər, bu da başadüşüləndir. Şirkət də çalışır ki, işçilərin hər cəhətdən narahatlıqlarını aradan qaldırsın. Ancaq mümkün variantda ən az ziyan olan yol seçilib.

SOCAR-ın da xərci maaş baxımından eyni qalır. SOCAR burdan heç nə qazanmır. Əksinə, işçinin karantində saxlanılması şirkət üçün əlavə xərc deməkdir. Ancaq insanların sağlamlığını qorumaq baxımından bu bir zərurət kimi yaranıb”.