Aktual

CNN: Türk dronları Ukrayna müqavimətinin simvoluna çevrilib

CNN: Türk dronları Ukrayna müqavimətinin simvoluna çevrilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CNN kanalının internet səhifəsində “Türk dronları Ukrayna müqavimətinin simvoluna çevrilib” başlıqlı məqalə dərc olunub.

Novator.az-ın məlumatına görə, məqalədə fevralın 24-dən Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukraynada Türkiyə istehsalı olan “Bayraktar-TB2” operativ-taktiki döyüş dronlarının böyük şöhrət və rəğbət qazandığı vurğulanır.

Bildirilir ki, Ukraynada bu dronların şəninə şeirlər yazılır, musiqilər bəstələnir, sevimli ev heyvanlarına dron adı verilir. Mart ayında Ukrayna paytaxtı Kiyevin meri Vitali Kliçko şəhər zooparkında yeni doğulmuş lemura da “Bayraktar” adının qoyulduğunu açıqlayıb.

CNN-nin məqaləsində deyilir ki, istər Qərb, istərsə də Ukrayna rəsmiləri rus ordusunun hücumlarının dəf olunmasında türk dronlarının misilsiz rol oynadığını etiraf edirlər.

“Bayraktar TB2”nin xeyli vaxtdır istismar olunduğunu bildirən CNN kanalı Türkiyə ordusunun bu dronlardan 2014-cü ildən bəri İraq və Suriya ərazisində həyata keçirdiyi əməliyyatlarda yararlandığını xatırladır, daha sonra 2020-ci ildə Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatmış 44 günlük müharibəyə toxunur: “Sözügedən dronlar Türkiyənin müttəfiqi olan Azərbaycana Qarabağdakı 44 günlük müharibə zamanı Ermənistanın dəstəklədiyi qüvvələr üzərində qələbə çalmaqda da yardım edib. Bu yaxınlarda Ukrayna ordusunun Rusiyanın hərbi obyektlərinə endirdiyi zərbələri əks etdirən, internet vasitəsilə yayılan video materiallar isə “Bayraktar TB2” dronlarına diqqəti daha da artırıb”.

Məqalədə Türkiyə tərəfinin rəsmi açıqlamasına istinadla bildirilir ki, Rusiya Ukraynaya pilotsuz uçuş aparatları satdığına görə dəfələrlə Ankaraya şikayət edib. Qeyd olunur ki, aprelin 8-də Türkiyənin yüksək çinli rəsmisi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə həmin şikayətlərlə bağlı belə deyib: “Rusiya bu məsələ ilə əlaqədar əvvəllər də gileylənib, indi də gileylənir. Ancaq biz artıq Moskvaya cavab vermişik. Bildirmişik ki, dronları özəl şirkət satır və alıcı müqaviləni Ukraynadakı müharibədən qabaq bağlayıb”.

CNN xəbər verir ki, Ukrayna 2019-cu ildə müqavilə əsasında Türkiyədən 12 ədəd “Bayraktar-TB2” alıb. İndiyədək Ukrayna Türkiyədən ən azı 36 ədəd dron sifariş edib. 2022-ci ilin martında Ukrayna Müdafiə Nazirliyi sifariş edilmiş dronların növbəti partiyasının ölkəyə çatdırıldığını açıqlayıb.

“Bayraktar-TB2” dronlarını Türkiyənin “Baykar” şirkəti istehsal edir. Şirkət indiyədək ən azı 19 ölkə ilə müqavilə bağlayıb. Müqavilələrin əksəri son 18 ayda imzalanıb. Sifarişçilər arasında Polşa da var. Avropa Birliyinin və NATO-nun üzvləri sırasında Polşa hələ ki, Türkiyədən dron sirafiş etmiş yeganə ölkədir.

CNN Türkiyənin rəsmi informasiya agentliyinə istinadla bildirir ki, 2021-ci ildə Türkiyə müdafiə sənayesi və aerokosmik sənaye sahəsində ixracı rekord həddə çatdırıb. Göstərilən ixracın məbləğinin 3 milyard dolları keçdiyi deyilir.