Cəmiyyət

Daha bir pərdə, plyonka davası: Sürücülər cərimələnirlər, yoxsa yox? – AÇIQLAMA + FOTO

Daha bir pərdə, plyonka davası: Sürücülər cərimələnirlər, yoxsa yox? – AÇIQLAMA + FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtomobillərdə pərdə, plyonka və jalüz məsələsi yenidən gündəmdədir. Problemə dəfələrlə toxunsaq da, hələ ki DYP əməkdaşları ilə sürücülər ortaq məxrəcə gələ bilmirlər.

Oxu.Az-ın redaksiyasına daxil olan şikayətdə vətəndaş iddia edir ki, polis əməkdaşları ona haqsız olaraq pərdə, jalüz taxılmasına görə 150 AZN cərimə tətbiq ediblər. Vətəndaş məsələ ilə bağlı etiraz etsə də, polis əməkdaşları etirazın əsassız olduğunu deyərək protokol tərtib ediblər.

Mövzu yeni, bu tip şikayət də ilk deyil. Tərəflərin – sürücülərin iddiasına DYP əməkdaşlarının, onların da iradına sürücülərin etirazı bitmək bilmir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, sürücülərə avtomobillərin yalnız arxa şüşələrinə örtük və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa icazə verilir:

“Bunun əksinə, sərt, elastik çərçivəsi olan pərdələrin quraşdırılması yolverilməzdir. Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəyə icazə verilir.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir, küləyə qarşı qabaq və küləyə qarşı olmayan digər şüşələrə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi isə qadağandır. Vətəndaşın konkret şikayəti varsa, bizə onlayn şəkildə müraciət etsin və məsələ araşdırılsın”.

Qeyd edək ki, DYP-nin yaydığı məlumata görə, ölkəmizdə tətbiq olunan standartın tələbinə əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75%-dən, küləyə qarşı olmayan digər yan şüşələr üçün isə 70%-dən aşağı olmamalıdır.

Görünən odur ki, ötən il Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklə bağlı yekun qərar verilmədikcə, bu mübahisə davam edəcək. Belə ki, iclasda sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) tərəfindən müəyyən edilməsi ilə bağlı təklif verilib, lakin təklif barədə hələlik yekun qərar mövcud deyil.