Ölkə

Deputat: “Konstitusiyamızda hicabla bağlı məhdudiyyət yoxdur”

Deputat: “Konstitusiyamızda hicabla bağlı məhdudiyyət yoxdur”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qadınların hicab taxmaq hüququnun ölkə Konstitusiyasında təsbiti məsələsinin müzakirəyə çıxarılması hazırda Türkiyədə gündəmdə olan məsələlərdən biridir. Ümumiyyətlə, uzun müddətdir Türkiyədə hicabla əlaqədar belə müzakirələr gedir. Davamlı şəkildə bu məsələ ilə bağlı müxtəlif reaksiyaların şahidi oluruq. Xüsusilə, hazırkı Ədalət və İnkişaf Partiyasının dövründə bir sıra dəyişiklikləri, fərqli reaksiyaları müşahidə etməkdəyik. Bu gün artıq Türkiyə cəmiyyəti də fərqli istiqamətə doğru dəyişib. Türkiyədə müəyyən prosesləri müşahidə edirik”.

Bunu “7Times.az“a açıqlamasında  Milli Məclisin deputatı Ceyhun Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qadınların hicab taxmaq hüququnun ölkə Konstitusiyasında təsbiti məsələsinin ümumxalq səsverməsinə çıxarılması barədə təklifindən danışarkən deyib.

Deputat qadınların hicab hüququnun Konstitusiyada təsbiti məsələsinin Azərbaycanda mümkün olub-olmamasından da danışıb: “Azərbaycan Konstitusiyasında hicabla bağlı məhdudiyyət yoxdur, qanunlarımızda hicabla əlaqədar xüsusi məhdudiyyət nəzərdə tutulmur. Hicablı vətəndaşlarımız da bərabərhüquqlu vətəndaşlar kimi bütün sahələrdə fəaliyyət göstərirlər. Hesab edirəm, cəmiyyətimiz də çalışmalıdır ki, belə məsələlərdə bir-birilərinə hörmət etməyi bacarsınlar. Hər bir insanın hüquq və azadlığı Konstitusiya ilə tənzimlənir. Çalışmalıyıq ki, belə də davam etsin, hicablı və hicabsız şəxslər bir-birilərinə hörmət etməyi bacarsınlar, cəmiyyətimizdə münasibətlər normal məcrada inkişaf etsin. Biz bu xətti əsas xətt kimi qorumalı, daha da gücləndirməli, inkişaf etdirməliyik”.

7Times.az