“Bir neçə gündür sosial şəbəkələrdə İmişli rayonunun Aranlı kəndində müəllimin çalışdığı orta məktəbdəki ayaqyolunda şəraitin yaxşı olmaması ilə bağlı şagirdlərə çağırış etməsi geniş müzakirə olunur. Burada bir neçə vacib məqama toxunmaq istəyirəm”.
Bunu 7Times.az-a açıqlamasında deputat Ceyhun Məmmədov məlum qalmaqala münasibət bildirərkən deyib.
“Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirə olarkən bu məsələyə diqqəti çəkmişdim. Son illər ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən, ölkəmizdə yüzlərlə məktəb təmir və bərpa olunub və bu gün də həmin işlər uğurla davam etdirilir. Ölkə rəhbərliyin təhsilimizə diqqət və qayğısı ən yüksək səviyyədədir. Yeni açılan STEAM və uşaq-yaradıcılıq mərkəzləri bu fikri bir daha təsdiq edir.
Ancaq onu da qeyd edək ki, bu gün bölgələrdə 1000-ə yaxın məktəb təmirsiz vəziyyətdədir. Bölgələrdə həqiqətən çox bərbad vəziyyətdə olan məktəblər var. Rayonlara səfərim zamanı bunu dəfələrlə müşahidə etmişəm, hətta aidiyyəti qurumlara müraciətlər də ünvanlamışam. Onların sürətli şəkildə təmirinə ciddi ehtiyac var”,-deyə millət vəkili qeyd edib.
C.Məmmədov İmişli rayonunun Aranlı kəndindəki məktəbin ayaqyolu problemini ictimailəşdirən qadın müəllimə töhmət verilməsindən də danışıb:
“Töhmət məsələsinə gəldikdə müəllimin uşaqlara məktəbə gəlməməklə bağlı çağırış etməsi düzgün deyil və qanun pozuntusudur. Ola bilsin ki, müəllim əsəbləşib belə mövqe sərgiləyib. Müəllimə töhmət bu məqsədlə də verilə bilər.
Əgər töhmət müəllimə məsələni ictimailəşdirdiyinə görə verilibsə, bu qəbuledilməzdir. Bütün hallarda məsləyə vaxtında reaksiya verilməli, həmin ayaqyolu təmir edilməliydi. İstənilən hallarda isə biz müəllimlərimizi sevməli və onları qorumalıyıq.
Ümumiyyətlə aidiyyəti dövlət qurumları belə məsələlər vaxtında və operativ reaksiya verməlidir ki, müzakirələr yanlış istiqamət getməsin. Təhsil hamımızın işidir. Hər birimiz təhsillə bağlı məsələlərə çox həssas yanaşmalıyıq”.
Deputat sonda onu da qeyd edib ki, dövlət qurumları öz fəaliyyətlərində ictimaiyyətin haqlı narazılığını və fikirlərini nəzərə almalıdır.
“Zamanında verilməyən reaksiyalar dövlət qurumlarının özlərinin fəaliyyətini zədələyir. Burada söhbət bütün dövlət qurumlarından gedir. Təəssüf ki son vaxtlar bəzi dövlət qurumlarının fəaliyyətinə bu həssaslıq heç də həmişə müşahidə olunmur”.
Xatırladaq ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində işləyən Leyla müəllimə dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb. Məktəbin direktoru isə problemi həll etmək əvəzinə müəllimə töhmət verib.
Bundan sonra mətbuata açıqlama verən müəllim deyib ki, belə haqsız töhmətlər onu qətiyyən qorxutmur.
7Times.az
Follow @7timesaz