Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin deputatı Tahir Kərimli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında qeyd edib ki, onun parlamentdəki çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birini polis saxlayaraq yoxlayıb.
7times.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a ətraflı danışan T.Kərimli haqqında bəhs qohumunun bacısı oğlu Fərzalı Seyidov olduğunu bildirib: “İki gün öncə Fərzalı mənə həyəcanla zəng edib dedi ki, ötən gün keçmiş polis işçilərindən birindən onun ailəsi barədə soruşublar. Yəni, mənim bacım, bacım oğlanları haqqında sorğu aparılıb. Maraqlanırlar ki, neynirlər, nə işlə məşğuldurlar? Ondan bir gün sonra Fərzalının özünə zəng ediblər, nə işlə məşğul olduğunu, harada yaşadığını soruşublar, dindirmə aparıblar. Fərzalı özü də ali savadlıdır, şəhid qardaşıdır, atası alim olub. Yəni, ömründə heç bir pis əməli olmayıb. Amma onu necə qorxudublarsa, həmin nömrəyə daha zəng etməyib. Mən həmin nömrəyə zəng edib soruşdum ki, bəlkə bacıoğlunun hansısa bir səhvi olubsa, mən bilim. Zəngi açan isə dedi ki, dindirməni aparan o olmayıb. Həmin polis işçisinin adı, səhv etmirəmsə, Adəm olub. Nömrənin kimə məxsus olduğunu bilmək üçün axtarışa verəndə belə çıxır. Qonşular da məsələdən narahat olublar. Sonra həmin nömrədən yenidən zəng gəlmədi, amma çox ehtimal ki, bacım oğlu ilə əlaqə saxlayan elə həmin polis işçisi idi. Daha sonra mən rayon hüquq mühafizə orqanlarının rəhbər şəxslərindən birindən xahiş etdim ki, məsələnin əslini bilməyimiz üçün araşdırılsın. Yəni, Tahir Kərimlinin bacısını, bacıoğlularını niyə narahat edirlər, bu, nə ilə bağlıdır? Əvvəllər də belə hadisələr baş verib, amma üstünə getməmişik. İki gündür, məsələ ilə bağlı cavab ala bilmədiyim üçün Milli Məclisdəki çıxışımda dedim ki, nə edirsizsə, mənim özümlə edin. Səsləndirdiyim hansısa müxalif fikrimə görə ailəmi narahat etməlidirlər?! Bu, birinci dəfə deyil. Dəfələrlə belə hallar baş verib. Mənə bildirirlər ki, mən “polisin yiyəsi var, deputatın yiyəsi yoxdur” demişəm. Bundan başqa, Eldəniz Səlimovun məsələsi ilə bağlı da narazılığımı dilə gətirmişdim. Daxili İşlər Nazirliyinin rəhbərliyinin niyyəti xoşdur. Bəs sual yaranır ki, bütün bunları kim, niyə, nə üçün edir? Açığı, mənə qarşı niyə bu cür davrandıqlarının səbəbini bilmirəm”.
Deputat onu da qeyd edib ki, Milli Məclisdə etdiyi çıxışın jurnalistlər tərəfindən yazıldığından xəbərsiz olub: “İclasın qapalı olduğunu düşündüm. Yəni, çıxışı mətbuatda yayılması niyyəti ilə etməmişəm…”
Follow @7timesaz