Cəmiyyət

Deputatlar işıq və qaza aylıq nə qədər pul ödəyir? – “Kimə nə dəxli var?”

Deputatlar işıq və qaza aylıq nə qədər pul ödəyir? – “Kimə nə dəxli var?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif (qiymət) Şurasının 16 oktyabrda qəbul etdiyi qərara əsasən, təbii qazın və elektrik enerjisinin tarif qiymətləri qalxıb. Elə həmin gün dövlət başçısı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncama görə, əməkhaqları, əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı tapşırıq verdi. 

Bəs, görəsən millət vəkilləri təbii qaz və elektrik enerjisinə aylıq nə qədər ödəniş edirlər?

7times.az xəbər verir ki, News24.az bu sualla deputatlara müraciət edib.

Millət vəkili Etibar Əliyev bildirib ki, yaşadığı mənzilin mərkəzdən qızdırılma sistemi var: “Biz qaza çox vəsait xərcləmirik. Sadəcə, yemək və çay hazırlayan zaman qazdan istifadə edirik. İkiotaqlı mənzilə illik 25-30 manat civarında ödəniş edirik.

İşıq ödənişi yay və qış aylarında fərqli olur. Orta hesabla 30-40 manat civarında sərfiyyatımıza pul ödəyirik. Kondisionerdən istifadə məbləğin stabil qalmasına imkan vermir. Ancaq 40 manatdan yuxarı ödəniş etmirik”.

Deputat Erkin Qədirli deyib ki, o, ödənişlərini illik edir: “Xərcim çox çıxmır. Kombi işlədən zaman günə 1 AZN yazır. Tək qalanda heç kombi də işlətmirəm, yemək də bişirmirəm. ”Smart kart” olduğu üçün nə qədər yazdığına belə baxmıram. Sadəcə duş qəbul edən zaman isti sudan istifadə edirəm.

İşığa daha çox yayda ödəniş edirəm. Çünki istiyə dözümüm olmadığı üçün kondisioner işlədirəm. İsti aylarda təxminən 20-30 manat sərfiyyata pul ödəyirəm. Yay ayları bitdikdən sonra isə 4-5 manat ödəniş edirəm. 5 manatdan yuxarı heç vaxt ödəməmişəm. Tək qaldığım üçün sadəcə əyləşdiyim otağın işığını yandırıram”.

Millət vəkili Aqil Abbas işıq və qaza aylıq nə qədər ödəniş etdiyini dəqiq açıqlaya bilməyəcəyini vurğulayıb: “Mənim işıq və qaza nə qədər ödəniş etdiyimin kimə nə dəxli var? Mən xalqa hesabatı onlarla görüşdə verirəm. Şəhid və qazi ailələrinə qulluq etməklə bu hesabatı təqdim edirəm. Nə qədər işıq və qaz yandırmağımla bağlı niyə millətə hesabat verməliyəm? Hər halda başqalarına nisbətən daha çox ödəyirəm. Çünki həyət evində yaşayıram”.

Deputat Azər Badamov elektrik enerjisi və təbii qaza aylıq 100 manat ödədiyini bildirib: “Yayda elektrik enerjisinə aylıq təxminən 10, qışda isə 12-13 manat ödəyirəm. Qaza yay aylarında aylıq 3-5 manat ödəyirik.  Qışda isə təxminən 50 manat ödəyirik”.

Millət vəkili Zahid Oruc işığa aylıq orta hesabla 30 manat ödəniş etdiyini deyib: “Bizdə ailə tərkibi o qədər böyük deyil. Övladlarımın tələbə həyatı və ailə üzvlərimin işdə olmaları səbəbindən istisna halları çıxmaq şərtilə 30 manatdan yuxarı ödəniş etməmişik.

Qaza 200 manatlıq ödəniş edirik. Bu ödənişi 5-6 ayı hədəfləyərək edirik. Ancaq müşahidələrimizə əsasən görürük ki, 8-9 aya qədər bu ödəniş bəs edir”.

Deputat Aydın Mirzəzadə qeyd edib ki, yaşadığı binada komendanta ümumi xərci ödəyir: “Buraya kommunal xərclər, binanın mühafizəsi, xadiməsi, fəhlənin əmək haqqı və s. daxildir. Hamısı birlikdə 190 AZN edir”.

Millət vəkili Vüqar İsgəndərovun xərcləri isə belədir: “Qaza aylıq sərfiyyətimiz yayda 5, qışda 60-80 manat arası dəyişir. İşığa isə orta hesabla 25 manat ödəniş edirik”.