Aktyor Emil Musayevin sosial şəbəkələrdə Qusar rayonunda polis əməkdaşları tərəfindən cərimələnməsi ilə bağlı iddiaları Qusar Rayon Polis Şöbəsində (RPŞ) araşdırılıb. Məlum olub ki, E.Musayev qapalı məkanda tibbi maskadan istifadə etmədiyi üçün cərimələnib.
Emil Musayev statusunda bildirir ki, ona xəbərdarlıq edilmədən və orada olmayan polis zabinin protokol tərtib edilməsi qanuni deyil. Və problemin 3 gündür DİN-nin səhifəsini işarələyərək işıqlandırmasına baxmayaraq, DİN-dən heç bir geri dönüş edilməyib. Məsələ ilə bağlı Emil Musayevin statusunu sizə olduğu kimi təqdim edirik:
“Əziz dostlar və hörmətli hökumət nümayəndələri! Qusar rayonu polis əməkdaşları ilə aramda baş verən bu mübahisəyə obyektiv münasibət bildirməyinizi xahiş edirəm.
Biz də polisin xəbərdarlığını qəbul etdik, maska alaraq oradan uzaqlaşdıq.
İki gün əvvəl mənə Nərimanov rayonu icra şöbəsindən zəng vurub cəriməm olduğunu bildirdilər və ora yaxınlaşmağımı istədilər. Dünən gedib gördüm ki, Qusarda bizi saxlayan həmin polislər bizi göndərib arxamızca xəbərdarlıq etmədən protokol tərtib ediblər və xəbərimiz olmadığı üçün özləri protokola “imza çəkməkdən imtina edib” deyə qeyd ediblər. Xatırladım ki, onlar nəinki bizə protokolu təqdim etmişdilər, hətta əllərində belə protokol və bu kimi sənədlər yox idi. Onu da vurğulayım ki, biz özümüzü təqdim etdikdən sonra, polis nəfərlərindən də özlərini təqdim etmələrini xahiş etdik. Polis nəfərləri isə öncə bundan boyun qaçırdılar, bizim təkidimizdən sonra hər ikisi polis serjantı olan şəxslərdən biri özünü İbrahimov İbrahim Aslan oğlu kimi təqdim etdi. Mənə tərtib olunmuş protokolda isə protokolu tərtib edən şəxsin polis kiçik leytenantı Səfərov İsmət Sabahəddin oğlu olduğunu gördüm. Polis nəfərləri bizi saxlayanda həmin polis kiçik leytenantı orada yox idi.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi – dən və əlavə olaraq hüquqşunas dostlarımdan bu məsələdəki uyğunsuzluqlara münasibət bildirməklərini xahiş edirəm.
1. Vətəndaşı xəbərdarlıq adı ilə aldadaraq ona protokol yazılması nə dərəcədə doğrudur?
2. Hadisə zamanı orada olmayan polis zabitinin mənim haqqımda protokol tərtib etməsi qanunidirmi?
3. Protokol təqdim olunmadığı halda haqqımda “protokola imza atmaqdan imtina etdi” iddiası nə dərəcədə düzgündür?
Əminəm ki, məsələ aidiyyatı orqanlar tərəfindən hüquqi müstəvidə araşdırılacaq və bu barədə ədalətli qərar veriləcək.
Üç gün bundan əvvəl Qusarda polislə yaşadığım problemi ictimailəşdirmişdim. Posta Daxili işlər nazirliyinin rəsmi Facebook səhifəsini işarələmişdim. Yaşadığım problemlə bağlı nazirliyə və bu sahədə çalışan dostlara bir neçə sual ünvanlamışdım. Məsələ ilə bağlı dostlar, hətta tanımadığım şəxslərdən belə onlarla zəng aldım. Hər kəs bu məsələdə mənim birmənalı olaraq təqsirimin olmadığını bildirdi. Təəssüf ki, məsələyə ilk reaksiya verməli olan qurum – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hələ də susur. Məsələnin araşdırıldığı ilə bağlı da bu qurumdan mənə məlumat verilməyib. Problem olduğu kimi qalır.
Belə olduğu halda mən fərdi qənaətlərimdən yola çıxmaq məcburiyyətində qalıram. Belə çıxır ki, ölkədə polislə problemi yaranan vətəndaşın mütləq şəkildə adamı olmalıdır, necə ki, Qusarda biz həmin problemi yaşayanda tibbi maskasız olan digər vətəndaş kiməsə zəng eləyib problemi yerindəcə xeyrinə həll etmişdi.
Buradan daha bir nəticəyə gəlmək olur ki, Daxili İşlər Nazirliyinin Facebook səhifəsi funskional deyil və vətəndaşların bu kimi problemlərinə laqeyd qalmaqlarını biz normal hal kimi qəbul etməliyik. Onda ortaya belə bir sual çıxır;
Daxili İşlər Nazirliyinin Facebook səhifəsi nə üçün mövcuddur? Necə olur ki, daxili İşlər Nazirliyi ölkədə tüğyan edən narkotik vasitə metamfetaminlə mübarizə aparanda blogerlərdən dəstək gözləyir, müsabiqə elan edərək onların izləyici kütləsindən istifadə edir, amma bizim problemlərimiz onları qəti narahat etmir. Hansı ki bu problemi onların öz əməkdaşları yaradır.
Problemimin ədalətlə həll olunacağı günədək mübarizəmi davam etdirəcəyəm.”
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Busaat.az – a bildiridi ki məsələ nəzarətə götürülüb və müvafiq araşdırmadan sonra əlavə məlumat veriləcəkdir
Həmçinin bloqer Emil Musayevin Facebook sosial şəbəkə hesabında Qusar rayonunda polis əməkdaşları tərəfindən cərimə olunması ilə bağlı iddiaları Qusar Rayon Polis Şöbəsində araşdırılıb.
DİN Mətbuat Xidmətinin Quba Regional Qrupundan Busaat.az- a verilən məlumata görə E.Musayev mayın 7-də Qusar rayonunda qapalı məkanlarda tibbi maskadan istifadə etmədiyinə görə polis əməkdaşları ona yaxınlaşaraq xüsusi karantin rejimi qaydalarını izah ediblər və tibbi maskadan istifadənin vacibliyini diqqətə çatdırıblar. Daha sonra əldə olunan məlumatlar Qusar RPŞ-nə göndərilib və mayın 8-də həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə olunub.
E.Musayevin həmin zaman ətrafda olan digər sakinə polis əməkdaşları tərəfindən güzəşt edilməsi barədə iddiaları əsassızdır və həqiqəti əks etdirmir, faktsız, sübutsuzdur.
Follow @7timesaz