Cəmiyyət

“Doğmaları gecə növbəsində olan yüzlərlə neftçi ailəsi həyəcan keçirib”

“Doğmaları gecə növbəsində olan yüzlərlə neftçi ailəsi həyəcan keçirib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında Xəzər dənizində baş verən partlayışdan sonra dövlət qurumlarının açıqlamaları bəzi vətəndaşlar tərəfindən tənqid olunub və ictimaiyyətə verilən informasiyaların koordinasiya olunmadığı bildirilib. 

7times.az xəbər verir ki, Neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, yanğınla əlaqədar doğmaları gecə növbəsində olan yüzlərlə neftçi ailəsi, onların yaxınları həyəcan keçirib: “SOCAR sözçüsü isə “yanğının şirkətə aidiyyəti yoxdur”, vulkan püskürməsi (axşam fərziyyə, səhər rəsmi) və s. məlumat yaydı və susdu. Necə yəni, şirkətə aidiyyəti yoxdur. Azərbaycandakı 34 neft-qaz yatağı kimə məxsusdur? Niyə gecə ərzində şirkətdən bir rəsmi açıqlama olmadı? Niyə bu qədər insana həyəcan yaşatdınız? Axı şirkətin mərkəzi mühəndis xidməti var”.

M.Qəhrəmanlı yanğının ilk saatlarında etdiyi paylaşımlarda isə partlayışın istismardan çıxmış qaz quyusunda olduğu bildirib: “Vulkanın əmələ gəlməsinə 1-ci amil qazdır. Əgər vulkan dediyiniz ərazi hal hazırda qaz platformaları ilə əhatə olunubsa, yataq uzun müddət istismar olunursa, vulkan necə yarana bilər? Ələt balıqçıları da deyir ki, balığa gedəndə adanın yanından keçəndə sızma hiss olunurdu, çıxdıqdan sonra zəng vurub məlumat veriblər”.

SOCAR-ın sözçüsü İbrahim Əhmədov isə M.Qəhrəmanlının iddialarına cavab olaraq bildirib ki, gecə saatlarında hadisədən təxminən yarım saat sonra bütün medianı məlumatlandırıb: “Bildirdik ki, bizim sənaye obyektlərində qəza baş verməyib. Təkrar-təkrar bu haqda açıqlamalar vermişik. Hadisənin başvermə səbəbləri dünən dəqiq bəlli deyildi, ona görə ilkin ehtimallar fakt kimi anlaşılmasın deyə, vulkan fərziyyəsini səsləndirməmək qərarına gəldim.

Mən bütün gecə həmkarlarımla əlaqədə idim və yerində müşahidə aparılandan sonra artıq vulkan püskürməsinin fakt olduğunu təsdiqləyən açıqlama yayıldı. Həqiqətən də təbii hadisə olduğu, şirkətə aid olmadığı təsdiqləndi. Amma əminəm ki, “facebook”da yenə də tənqid etmək üçün macal tapan dostlar bu cür məharətlə bu işin də öhdəsindən daha yaxşı gələrdilər.

Alovlanma həqiqətən ada üzərində yerləşən palçıq vulkanında baş verib. Keçmişdə də bu cür hadisələr müşahidə olunmuşdu deyə, geoloqların ilkin ehtimalı da məhz vulkan püskürməsi idi. Dünən bu hələ bir fərziyyə idi, təsdiqini tapmamışdı deyə, ilkin ehtimalı silmək qərarına gəldim. Lakin gecə saatlarında bu artıq hadisə yerində müşahidə olunub və öz təsdiqini tapıb”.