“Yaxın şərqdə baş verən proseslərə nəzər saldıqda görürük ki, həmin bölgədə dini təhlükəsizlik məsələləri zamanında həll edilsəydi, əlbəttə biz orada başqa mənzərəni görə bilərdik”.
Bunu 7Times.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.
O bildirib ki, zamanında məzhəbçilik zəmində baş verən proseslər vətəndaş müharibəsi, dağıntılar və kütləvi insan qırğını ilə nəticələnib.
“Ona görə də müsəlman dünyası, o cümlədən Şərq ölkələri üçün dini təhlükəsizliyin təminatı olduqca vacib məsələdi. Azərbaycan da bu təhdidlərdən sığortalanmayın. Çünki dini mövqedən Azərbaycana yönlədirilən təhdidlər, təsirlər bir an belə səngimir. Ona görə də biz ölkəmizdə dini təhlükəsizlik məsələlərinə hər zaman önəm veririk və artıq biz bu ənənəni ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi kimi qəbul edərək diqqət mərkəzində saxlayırıq”.
Komitə sədrinin müavini qeyd edib ki, ümumiyyətlə bizim ölkəmizin din siyasətinə nəzər saldıqda iki başlıca vəzifə qarşımızda durur.
“Birinci dini etiqat, din azadlığının təminatı dövlətimizin din siyasəti üçün prioritet məsələdir. Ona görə də, bütün dini konfessiyaların nümayəndələrinə dövlət tərəfindən kifayət qədər diqqət və qayğı göstərilir. İkinci bir istiqamət dini təhlükəsizliyin təminatıdır. Bu iki məsələ bir-birinə o qədər bağlıdır ki, birində hər hansı gərginlik olarsa, digərinə də təsir göstərir. Ona görə dini təhlükəsizliyin təminatı elə din azadlığının təminatı üçün başlıca bir elementdir”.
7Times.az
Follow @7timesaz