DİN Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
7times.az xəbər verir ki, müraciətdə deyilir:
“Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini xahiş edir.
Bəzi yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobillərində 1 mm-dən, avtobuslarda 2 mm-dən, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.
Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.
Eyni zamanda yola çıxmazdan əvvəl avtomobilin ban şüşələrini təmizləməklə şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə təchiz olunmasını təmin etməlidirlər.
Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur”.
Follow @7timesaz