Döyüş meydanında düşmənin 100-dən artıq canlı qüvvəsini məhv edib, döyüş yoldaşlarını düşmənin mühasirəsindən xilas etdi.
7times.az APA TV-yə istinadla xəbər verir ki, söhbət Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn kəşfiyyatçı Orxan Ceyhun oğlu Namazovdan gedir.
Orxan 1994-cü ildə Gəncə şəhərində anadan olub. Sonradan ailəsi ilə birlikdə Goranboy rayonunun Xoylu kəndinə köçüb. Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət edib, baş kəşfiyyatçı olub. Burada hərb sənətinə o qədər bağlanıb ki, xidmətini başa vurandan sonra əvvəlcə müddətdən artıq hərbi qulluqçu kimi, daha sonra isə kəşfiyyatçı gizir kimi işləməyə başlayıb.
Sentyabrın 27-də başlayan Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə fəal iştirak edib. Murovdağ, Talış, Suqovuşan və Ağdərə istiqamətlərində gedən döyüşlərdə fədakarlıq göstərib. Döyüş yoldaşları ilə birgə gözünü qırpmadan düşmənin üzərinə gedib. Şəhidin anası Nailə Məmmədova deyir ki, oktyabrın 6-dan 7-ə keçən gecə Suqovuşan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub:
“Axırıncı dəfə oktyabrın 6-sı səhər 8-ə 10 dəqiqə işləmiş evə zəng elədi, mənimlə danışdı. Dedi ki, narahat olma, yaxşıyam, vaxt tapdıqca özüm zəng edəcəyəm. Biz onunla yoldaşı vasitəsilə əlaqə saxlayırdıq, o uşaq da hospitalda idi, yaralı idi. O, bizə dedi ki, yoldaşlarımız əməliyyatdan geri qayıtmayıb. Sən demə, bu şəhid olubmuş, oğlumu tapmırlarmış. Ayın 8-i tapılandan sonra bildik ki, şəhid olub. Oktyabrın 10-da torpağa tapşırıldı”.
Nailə ana deyir ki, Orxan uşaqlıqdan vətənpərvər idi. Orxanın 4 yaşı olanda o, işğal altında olan bütün rayonlarımızın adlarını əzbər bilib. “Orxan balaca olanda biz Xoşbulaqda istirahət edirdik. Orda hərbi hissə var idi. Bir gün Orxanı tapmadıq. 4 yaşı vardı. O tərəfə-bu tərəfə baxdıq, bir də gördük ki, hərbi hissənin qapısı açıqdır, Orxan da gedib əsgərlər kimi nizami sıraya düzülüb. Komandir əli ilə işarə etdi ki, narahat olmayın, düzülüş bitdikdən sonra əsgərlər Orxanı yanımıza gətirdi”.
26 ilik ömrünün 6 ilini vətənə həsr edən kəşfiyyatçı Orxanın bir arzusu olub – torpaqlarımızı düşmən tapdağından azad etsin. İstəyinə nail olmaq üçün ailəsinə demədən ön cəbhədə işləməyə qərar verib. Həmişə öndə gedərək düşmənə sarsıdıcı zərbələr endirib. Orxan Tovuz döyüşlərində də iştirak edib.
Yaxınları deyir ki, Orxan kənd camaatının rəğbətini qazanmışdı. Orxan Namazov Vətəni çox sevirdi, elə Vətən yolunda da canından keçdi:
– Danışanda deyirdi ki, hər şey yaxşıdır, yaxşıyam, hərbi hissədəyəm. Ön cəbhədə olduğunu demirdi. Həmişə deyirdi ki, hərbi hissədəyik, təlimlərdəyik.
– Döyüşə can atırdı, müharibə əmri verilməmiş döyüşə getmək istəyirdi ki, torpaqlarımızın geri alınması uğrunda döyüşsün. Biz Orxanla fəxr edirik ki, o döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb.
– Bir sinifdə oxumuşuq, dost idik. Çox mehriban oğlan idi. Uşaqlıqdan çox vətənpərvər oğlan idi, deyirdi hərbçi olacam. Hətta ona gizir rütbəsi veriləndə getdik qeyd elədik.
Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Orxan Namazov Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Follow @7timesaz