Dünya

Dünyada milyonçuların sayı ARTACAQ – HESABAT

Dünyada milyonçuların sayı ARTACAQ – HESABATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarşıdakı 5 il ərzində dünyada sərvətinin dəyəri milyon dollardan çox olan insanların sayının 40 faiz artacağı gözlənilir.

7Times.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Credit Suisse Group” növbəti Qlobal Sərvət Hesabatını açıqlayıb.

Həmin hesabata əsasən, sərvəti 1 milyon dollardan çox olan milyonçuların sayı 2026-cı ilə qədər 87,5 milyonu keçəcək. 2021-ci ildə bu rəqəm 62,5 milyon olub.

 

Hesabatda inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında milyonçuların sayının artacağı, Çində isə bunun iki dəfə artacağı proqnozlaşdırılıb.

Dünyanın ən zəngin 500 adamının sərvəti ilin ilk yarısında 1,4 trilyon dollar azalsa da,  “Credit Suisse” bildirir ki, inkişaf etməkdə olan bazarları sürətli canlanma gözləyir. Pandemiya səbəbindən Çin iqtisadiyyatının yavaşlamasına baxmayaraq, bank ölkədə varlı insanların sayının artacağını proqnozlaşdırır.

Agentlik 2026-cı ilə qədər şəxsi sərvətin 36 faiz artaraq, 169 trilyon dollara çatacağını proqnozlaşdırıb. Hesabatda sərvəti 50 milyon dollardan çox olan “ultra varlı şəxslər”in sayının 385 minə çatacağı da bildirilib.

“Credit Suisse” pandemiya dövründə itkilərə məruz qalan və sərvəti azalan inkişaf etməkdə olan bazarların gələn il yenidən sürət qazanacağını və yaxın 5 ildə inkişaf etmiş ölkələrlə fərqi bağlayacağını proqnozlaşdırıb. Hesabata görə, inkişaf etməkdə olan ölkələrdə sərvət hər il 10 faiz, inkişaf etmiş ölkələrdə isə 4,2 faiz artacaq.

2021-ci ildə qlobal sərvət 2020-ci ilə nisbətən 9,8 faiz artaraq, 463,6 trilyon dollara çatıb ki, bu da əsrin əvvəlindən bəri ən yüksək artımdır.

Ən çox “ultra varlı” sayına sahib ölkə ABŞ-dır (140 min nəfər). İkinci sırada isə Çin qərarlaşıb (32 min 710 nəfər).