Azərbaycan yeni avtomobillərin qiymətlərində yaya qədər artım gözlənilməsə də, təkrar bazarda mayın ortasından sonra 3-5 % civarında bahalaşma gözlənilir.
Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.
“Yaşı 10 ildən çox minik avtomobillərinin ölkəyə gətirilməsinin məhdudlaşdırılması barədə qərar gələn aydan qüvvəyə minəcək. Bundan sonra 2-ci əl avtomobil bazarında qiymətlər yenilənəcək. Məsələn, 1998-ci ilin “Mercedes C class” modelinin qiyməti qərardan öncə təqribən 10 min manat idisə, artıq 12 min manat olacaq və yaxud 2012-ci ilin “Kia Rio” modelinin qiyməti 13 min manat idisə, artıq 15 min manat olacaq. Yəni, həmin avtomobillər ölkəmizə gətirilmədiyinə görə alverçilər əllərində nə varsa, onu satacaqlar və qiymətləri qaldıracaqlar. Amma yeni avtomobilləri kreditlə almaq üçün ilkin ödəniş azaldılsa, belə süni qiymət artımlarının qarşısı alınacaq”, – deyə o qeyd edib.
Ekspert mart ayında bazardakı vəziyyətə də toxunub və fevral ayına nisbətən aktivliyin artığını bildirib: “Hər il bu mövsümdə bazarda canlanma olur. Bu fəallığın digər səbəbi hibrid və elektromobillərin idxalına güzəştlərin tətbiq edilməsidir. Rəsmi distribütorların satdığı 1-ci əl hibrid və elektromobillərlə yanaşı vətəndaşlar özləri də xaricdən 3 ildən az işlənmiş bu tip avtomobillər gətirir. Paralel olaraq Avropa ölkələrində benzin və dizel mühərrikli nəqliyyat vasitələrinə olan qadağalarla bağlı həmin ölkələrdə 2-ci əl avtomobillər ucuzlaşıb. Bu da bizim yerli sahibkarlar üçün həmin avtomobilləri daha cəlbedici edir”.
Onun sözlərinə görə, fevral ayında olduğu kimi mart ayında da ölkədə əsas tələbat kiçik mühərrikli avtomobillərə olub: “İri mühərrikli 2-ci əl avtomobillərə maraq çox deyil. Odur ki, bu avtomobillərin fevral ayında yaşanan ucuzlaşması martda da davam edib. Ümumilikdə isə ötən ay avtomobil bazarında qiymətlər stabil qalıb. Novruz bayramı tətillərindən sonra qiymətlərin azacıq dəyişəcəyini gözləyirdik, amma belə olmadı. İlin əvvəlində mühərrikinin həcmi 3 min kubsantimetr və daha yuxarı olan 2-ci əl avtomobillərin qiyməti enmişdi. Həmin qiymətlər olduğu kimi qalır”.
“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev də ötən ay əvvəlki aya nisbətən avtomobil bazarında canlanma yaşandığını deyib: “Yeni avtomobil bazarında bu canlanma əsasən salonlara giriş-çıxış sayının artması ilə müşahidə olunub. Amma alıcılıq qabiliyyəti elə də yüksək deyil. Yeni avtomobil satan bəzi salonlar endirim kampaniyaları keçirir, bəziləri isə qiymətlərdə əlavə xidmətləri də nəzərə alırlar. Məsələn, bir illik servis xidməti. Yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması barədə qərardan sonra avtomobil alqı-satqısı saytlarında belə bəzi avtomobillərin qiymətlərinin artırılmasını, köhnə elanların çıxarılmasını görürük. Məsələn, qərardan əvvəl 2010-cu ilin “Hyundai Accent” modelinin qiyməti elan saytında 10 min manat idisə, indi bu qiymət dəyişdirilib. Amma ümumi götürsək, ötən ay bazarda ciddi qiymət dəyişikliyi olmayıb. Lakin aprelin sonlarından, mayın əvvəllərindən 2-ci əl avtomobillərin bahalaşmasını görəcəyik. Hələ ki, köhnə avtomobil satmaq istəyənlər gözləmə mövqeyindədir. Yeni avtomobillərin isə bahalaşması gözlənilmir”.
E.Əliyev birinci əl avtomobil bazarında əsas tələbatın büdcə avtomobillərinə olduğunu da deyib: “Amma büdcə avtomobilləri üçün seçim çox məhduddur. Bazarda satılmayan avtomobillər də var. İkinci əl avtomobil bazarında satılmayanlar adətən ili köhnə və mühərrik həcmi böyük olan avtomobillərdir. Məsələn, 2004-2007-ci illərin 4 400 kub santimetr mühərrik həcmli “Range Rover Vogue”, 2005-2008-ci illərin “Land Cruiser” modellərinin satışında ləngimələr var. Yeni avtomobillər arasında digər əsas tələbat isə kiçik ölçülü, qiyməti 35-40 min manat olan krossoverlərədir. Bunlara tələbat yenə də olacaq. Çünki bizim bazarda hündür maşınları xoşlayırlar. Əsasən də Çindən gətirilən krossoverlərə tələbat var. Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycanda hibrid və elektromobillər kimi benzin və dizel mühərrikli avtomobillərin də alqı-satqısı üçün kredit şərtləri sadələşdirilər. Belə olarsa, artıq köhnə avtomobillərə tələbat olmayacaq”.
Follow @7timesaz