“Özəl məktəblərdə şagirdlərimiz problemlərin həlli istiqamətində kifayət qədər yaradıcı düşünə bilir. Ola bilər ki, Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Bu tək bizdə yox, bir çox ölkələrdə də belədir”.
“Report” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında deyib.
Nazirin sözlərinə görə, məktəbin məzmunu mütləq dəyişməlidir:
“Çünki həmin fənlər məktəb proqramına salınanda nə dayanıqlı inkişaf, nə davamlı inkişaf prioritetləri, nə də iqlim dəyişiklikləri sözləri hələ məktəbə məlum deyildi. Bu mənada həmin anlayışları Azərbaycan məktəbinə gətirdiklərini görə həmkarlarıma təşəkkür edirəm”.
“Məktəbdə hazırlanan şagird sabah onu həyatda gözləyən təhdid və reallıqlara hazır böyüməlidir. Yəni, biz şagirdi hansısa nəzəri və ya konseptual məsələlərlə hazırlaya bilərik, lakin biz onu da başa düşməliyik ki, düzgün strukturlaşmış beyin həmişə içi düzgün doldurulmuş beyindən daha yaxşıdır. Bu mənada bu və digər məsələlərə yanaşmanı şagirdlərə təbliğ etmək önəmlidir”, – E.Əmrullayev əlavə edib.
O bildirib ki, təhsilin əsas məqsədi təhsilini bitirən birinin bəlli il və vaxt keçdikdən sonra öyrəndiklərini xatırlamasıdır:
“Çünki əzbər öyrədilən biliklər adətən yaddan çıxır. Amma yanaşma və məsələyə münasibəti hər zaman onunla birlikdə qalır”.
Follow @7timesaz