Mən videodakı göy “Uaz”dayam.
Müharibədən sonra düşmən estafetini Qurban-tv kimi təxribatçılar davam etdirirlər.
Bu videonu Qurban-tv paylaşıb, deyir ki, hadisədə 430-a yaxın hərbçilərimiz həlak olub.
Döyüşün iştirakçısı kimi məsələyə aydınlıq gətirmək istəyirəm.
Həmin gün o döyüşdə 19 nəfər Şəhid olmuşdu, 50-dən çox yaralanmışdı.
450-ə yaxın hərbçimizin döyüşdə iştirak etməsi həqiqətə daha yaxındır.
Mən videodakı göy “Uaz”dayam.
Bu sözləri 7times.az-a açıqlama verən Qarabağ qazisi,ehtiayyda olan zabit Nazim Bayramov bildirib.
Üç nəfərik- sürücü Elçin və birinci müharibə yoldaşım Bayramov Altay.
Hadisə oktyabrın 4-ü saat 14-16 arası çəkmişdi. Suqovuşan dünən axşam alınmışdı.
Biz kolondan ayrı gedirdik, öz tapşırığımız üzrə.
Suqovuşana çatanda düşdük kolonun arasına, sarı “Uaz-ın” arxasına.
200 metr keçməmiş başımızın üstündə mərmi uçdu, partlayışdan qulaqlarımız tutuldu, maşını çoxsaylı qəlpələr tutdu.
Eyni zamanda intensiv artilleriya və minaatan atəşi başladı.
Sürücü sürəti artırdı və maşını dərəyə verib, saxladı.
Maşından düşdük. Vurulan “Uralın” təpədən aşağı endiyini gördük. Uşaqlar maşından atılırdılar dərəyə.
Partlayışlardan və qəlpələrdən əyilərək, bir nəfər özünü yanımıza atdı. Bu, bölük komandiri idi, baş leytenant.
O həyacanlı idi, ucadan soruşdu, bölükdən kimsə var burda?
Sonra daha bir-iki nəfər bizə qoşuldu və briqadanın zampoliti.
Maşında su yardımı var idi, onları payladıq toplaşanlara.
Növbəti mərmi yaxınlığımıza düşəndə, baş leytenant kaskasını düzəldib, dedi, “burada dayana bilmərəm, gedirəm bölüyümü yığmağa” və atəş altında dağın ətəyi ilə yüyürüb, dağı aşdı.
Mən Altayla birlikdə xəritə üzərindən düşmən artilleriyasının yerini təxmin edib, koordinatları qərargaha ötürməyə çalışırdıq.
Dağdan uca, gür səs gəldi. Elə uca ki, mərmi səsini batırırdı.
Biz səs gələn yerə baxdıq. Briqada komandiri Rəhim Rzayev atəş altında əyilmədən, hökmlü səslə və əl işarələri ilə bölmələri idarə edirdi. Qonşu təpələrdəki əsgərlər onu eşidir, suallarına cavab verirdilər.
Artıq ikinci “Ural” da vurulmuşdu. O ana qədər 2 Şəhid, 11 yaralı var idi.
Bu zaman bizim artilleriya düşmən artilleriyasını vurmağa başladı. Düşmən atəşi arabir səngiyir, arabir kəsilirdi.
Sonradan mənə məlum olduğuna görə bizim bölmələrimiz gedirdilər Suqovuşanda yeni tutulan mövqelərimizi möhkəmləndirməyə.
Videodan görünür ki, çəkiliş iki nöqtədən aparılıb. Guman ki, atəş açan TƏİR-in(Pturların) mövqelərindən.
Qonşu meşəli dağlar hələ tam nəzarətə alınmamışdı. Düşmən o yerlərdə TƏİR mövqeləri qurmuşdu.
Hərbi dildə desək, biz artilleriya pusqusuna düşmüşdük. .
Xüsusən, bu müharibədə artilleriya döyüşü böyük yer tuturdu.
Bəziləri videodan soruşurlar, niyə əsgərlərimiz ara məsafəsi gözləmirdilər, topalaşırdılar?
Bilirsiz, dağ-təpə şəraitində 10 nəfər ara məsafəsini gözləyə bilərlər, ancaq 100-lə əsgərlə 2-3 km məsafədə bu, praktiki mümkün olmur. Bir əsgərin yükü daha çoxdu, digərinin daha azdı, biri daha hazırlıqlıdır, biri da az, biri geri qalır, digəri ona dirənir ya ötüb keçir… Nəqliyatı isə vururlar.
Müharibədə asan yollar olmur. Əksər hallarda atəş altında müəyyən qədər açıq getməli olursan.
Ağdərə istiqamətində qüvvələrimizin fəal hücum hərəkətləri düşməni sona qədər inandırdı ki, Ağdərə əsas hücum istiqamətlərindən biridir. Bununla, Ağdərə-Ağdam istiqaməti düşmənin böyük ehtiyat qüvvələrini özünə kilidləyə bilmişdi.
Allah bütün Şəhidlərimizin ruhunu şad eləsin.
Cəlal Fərzəliyev
Follow @7timesaz