Ölkə

Ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü amansızlıqları – FOTOLAR

Ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü amansızlıqları – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların mənimsənilməsi prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan torpaqlarında “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb. Azərbaycanın və ümumən, Qafqazın tarixinin təhrif olunması bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib.

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilib.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirilib. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırıblar.

Ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilib.

Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilib bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz doğma torpaqlarından didərgin salınıblar.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 106 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndləri talan edilərək dağıdıldığını sübut edir.

Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılıb. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Həmin ildə erməni bandaları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto-şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.
1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində ermənilər meyidləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.

Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran topla Təzəpir məscidi zədələnib. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar. Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurub.

Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulub, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılıb. Erməni quldurları minlərlə dinc adamı qətlə yetirilib. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat idi.

Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. S.Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi ki, təki Azərbaycan deyilən dövlət yaranmasın.

Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətiblər. Qubaya hücum edənlər içərisində özünü bolşevik kimi qələmə verən və 2 min əsgərə başçılıq edən David Kelovandilidən başqa, bolşevik Stiqua da olub. Onun dəstəsində min əsgər olub.

Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasıda 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.

Daşnak-bolşevik birləşmələri nəinki Quba qəzasında, hətta Cənubi Dağıstanda, Bakıdan Dərbəndə kimi böyük bir ərazidə müsəlmanların soyqırımını həyata keçirmək niyyətində idilər. Azərbaycanın tarixindən məlumdur ki,1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycanda) yaşayan azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən soyqırıma məruz qaldılar. Erməni cəlladları “Böyük Ermənistan” yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalisini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.
1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyası cəhətdən soyqırım kimi qiymətləndirilməlidir.

Sumqayıt hadisələri

XX əsrin sonunda Azərbaycana qarşı əsassız ərazi iddialarını, hərbi təcavüz və işğalçılıq siyasəti həyata keçirmək məqsədilə atacaqları zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniyasını həyata keçirən Ermənistan rəhbərliyi, erməni millətçiləri, siyasi ideoloqları və terror təşkilatları 1980-ci illərin ikinci yarısında hərəkətə keçdilər. Məhz Sumqayıt hadisələri də erməni millətçilərinin Qarabağın dağlıq hissəsini işğal etmək üçün Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş xüsusi bir plan olmuşdur. Bu hadisələr ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək üçün hələ xeyli əvvəl məqsədyönlü şəkildə hazırladıqları planın ideoloji əsaslarını qoymaqla sonradan siyasi-hərbi mərhələyə keçidin başlanğıcı oldu.

Ərazi iddialarını, hərbi təcavüz və işğalçılıq siyasəti həyata keçirmək məqsədilə atacaqları zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniyasını həyata keçirən Ermənistan rəhbərliyi, erməni millətçiləri, siyasi ideoloqları və terror təşkilatları 1980-ci illərin ikinci yarısında hərəkətə keçdilər. Məhz Sumqayıt hadisələri də erməni millətçilərinin Qarabağın dağlıq hissəsini işğal etmək üçün Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş xüsusi bir plan olmuşdur. Bu hadisələr ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək üçün hələ xeyli əvvəl məqsədyönlü şəkildə hazırladıqları planın ideoloji əsaslarını qoymaqla sonradan siyasi-hərbi mərhələyə keçidin başlanğıcı oldu.

Məlum olduğu kimi, bütün dövrlərdə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdır. Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın İrəvanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan “Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.

1986-cı ilin fevralında ermənilər SSRİ-də irəli sürülən “aşkarlıq” və “demokratiya” ideyalarından istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) mərkəzində – Xankəndində tarix və mədəniyyət abidələrini qoruyan “Krunk” adlı təşkilat yaratdılar. Ancaq sonradan məlum oldu ki, “Krunk” sözü rus dilində “Комитет Революционного Управления Нагорного Карабаха” sözlərinin baş hərflərindən yaranıb. Təşkilatın əsas məqsədi isə tarixi abidələri qorumaq deyil, DQMV-nin Ermənistana birləşdirilməsinə nail olmaq idi.

Artıq 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların İttifaq rəhbərliyinə yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kampaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. Bu hərəkatın əsas aparıcı qüvvəsi olan “Krunk” təşkilatı da gizli, eyni zamanda, geniş fəaliyyət göstərirdi. İlin ikinci yarısında İrəvandan müntəzəm olaraq Xankəndiyə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşmək ideyasını təbliğ edirdilər.
Eyni zamanda, 1988-ci il yanvarın 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salınmış ilk yüzlərlə azərbaycanlı qaçqın Azərbaycana gəldi. Yanvar-fevral aylarında Ermənistan SSR-dən zorla qovulmuş 4 min nəfərdən çox azərbaycanlı Azərbaycana gələrək, əsasən, Sumqayıtda məskunlaşdılar.

Ermənistandan zorakılıqla qovulan azərbaycanlıların bir qismi Sumqayıta üz tutmuş, burada məskunlaşmışdı. O zamanadək Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 qaçqın və ya 3030 ailə gəlmişdi.

Yaranmış gərgin şəraitdə, ermənilər tərəfindən qabaqcadan hazırlanmış plan əsasında və onların bilavasitə iştirakı ilə fevralın 28-29-da Sumqayıtda baş verən kütləvi iğtişaşlar nəticəsində 26 erməni, 6 azərbaycanlı qətlə yetirildi. Bədən xəsarəti alan 198 nəfərin 87-si xəstəxanaya yerləşdirildi. 60 mənzil qarət edildi,14 avtomaşın yandırıldı, 8 avtomaşın zədələndi, 16 ticarət obyektinin şüşələri qırıldı. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzildi.

O zaman SSRİ Prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər.

Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.

Sumqayıt hadisələri ilə əlaqədar istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş xüsusi bir plan olub.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal edilib.

Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub.

Bitinci Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 872 nəfərin (2020-ci il dekabrın 1-nə olan məlumata əsasən) sonrakı taleyi məlum deyil.

1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Münaqişə dövründə mülki əhaliyə qarşı törədilmiş cinayətlər

Quqark qırğını

1988-ci ilin noyabr ayında Ermənistanın Quqark rayonunda ermənilər tərəfindən 15-i yandırılaraq 21 azərbaycanlı öldürüb.

Qarakənd faciəsi

1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları Azərbaycan, Rusiya və Qazaxstanı təmsil edən bir qrup yüksək vəzifəli dövlət məmuru və jurnalisti aparan “Mİ-8” vertolyotunu gülləbaran etdilər. Nəticədə 22 nəfər tanınmış dövlət, ictitmai və hərbi xadim qətlə yetirilib.

Xocalı soyqırımı

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan azərbaycanlı əhaliyə qarşı Xocalıda soyqırımını törədib. Nəticədə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər dinc sakin qətlə yetirilib.

Ağdaban soyqırımı

1992-ci ilin aprel ayının 8-də Erməni işğalçıları Kəlbəcərin Ağdaban kəndinə hücum edərək 67 nəfəri qətl etmiş,17 kənd sakini diri-diri yandırılıb.

Qaradağlı soyqırımı

1992-ci il fevralın 14-də erməni işğalçıları Xocavəndin Qaradağlı kəndində hücum edərək, 117 azərbaycanlı mülki şəxs, 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri girov götürülüb və 56-90 nəfər qətlə yetirilib. Girovların əksəriyyəti geri alınsa da çoxunun taleyi hələ də məlum deyil.

 

Ümummilli lider Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

 

Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə – soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Müşfiq Qərib

7Times.az